Nur-Sultandan dünya liderlərinə çağırış: Açıq dialoq üçün platforma təqdim etməyə hazırıq

Nur-Sultandan dünya liderlərinə çağırış: Açıq dialoq üçün platforma təqdim etməyə hazırıq Mayın 16-17-də Qazaxıstan XII “Astana İqtisadi Forum”una (AEF-2019) ev sahibliyi etdi. Bu ölkənin paytaxtı Nur-Sultanda təşkil olunmuş İlhamverici böyümə: insanlar, şəhərlər, iqtisadiyyatlar mövzusunda keçirilən tədbirə 74 ölkədən 5 500 siyasətçi, iş adamı, tədqiqatçı və müstəqil ekspert qatıldı, 30 ölkədən 710 nəfər müxtəlif mövzularda çıxış etdi.
Biznes
31 May , 2019 12:00
Nur-Sultandan dünya liderlərinə çağırış: Açıq dialoq üçün platforma təqdim etməyə hazırıq

Mayın 16-17-də Qazaxıstan XII “Astana İqtisadi Forum”una (AEF-2019) ev sahibliyi etdi. Bu ölkənin paytaxtı Nur-Sultanda təşkil olunmuş "İlhamverici böyümə: insanlar, şəhərlər, iqtisadiyyatlar" mövzusunda keçirilən tədbirə 74 ölkədən 5 500 siyasətçi, iş adamı, tədqiqatçı və müstəqil ekspert qatıldı, 30 ölkədən 710 nəfər müxtəlif mövzularda çıxış etdi. 

Şəhərin adının Astanadan Nur-Sultana dəyişdirilməsindən sonra bu forum paytaxtda keçirilən ilk belə böyük tədbir idi. Tədbirin böyüklüyü həm müzakirə olunan mövzular və iştirakçılarla bağlı idi. İnformasiya təhlükəsizliyi, gələcəyin texnologiyası – 5G, çox tərəfli ticarət tərəfdaşlığı, Böyük İpək Yolu layihəsi, islam maliyyələşməsi, qida təhlükəsizliyi, 4-cü sənaye inqilabı və onun təsirləri, özəl sektorun inkişafı və başqa mövzularda müzakirələrin aparılması forumun həqiqətən də geniş əhatəyə malik olduğunu göstərirdi.

AEF-2019 həm də iştirakçı spikerlərinə görə də seçilirdi. Belə ki, iki gün ərzində Beynəlxalq Valyuta Fondunun (IMF) direktoru Kristin Laqard (Christine Lagard), Çinin vitse-baş naziri Han Çenq (Han Zheng), Nokia qrupunun direktoru Risto Siilasmaa, Dünya Bankının 2016-2018-ci illərdəki baş iqtisadçısı olmuş Pol Maykl Romer (Paul Michael Romer) və başqa şəxslər qeyd edilən mövzularda mövqe ortaya qoyublar. Forum çərçivəsində bəzi sessiyalara "Euronews"dan tanınmış jurnalisti Ştefan Qrobe (Shtefan Grobe) və CNN-dən Con Deftorios (John Deftorios) moderatorluq etdi. 

Forumu giriş sözü ilə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev açdı. Qazaxıstanın keçdiyi inkişaf yolu haqqında danışan N.Nazarbayev qeyd etdi ki, ölkəsi dünyanın 15 ən yaxşı inkişaf edən ölkəsi arasındadır: "Qazaxıstan iqtisadiyyatı müstəqillik dövründə 21 dəfə artıb, yoxsulluq səviyyəsi 40%-dan 3%-ə düşüb. Qazaxıstanın Xarici İşlər Nazirliyi (XİN) xarici sərmayələrin cəlb edilməsində açar rolunu oynayır. XİN bu ölkədə çalışmaq istəyən istənilən sərmayəçi üçün yeganə pəncərə olacaq. Qazaxıstan 30 inkişaf etmiş ölkənin sırasına daxil olmaq üçün əlindən gələni edəcək”.

Elbasının sözlərinə görə, Qazaxıstan müstəqillik əldə edəndən sonra ölkəyə cəlb edilmiş birbaşa xarici sərmayənin məbləği 320 mlrd. dollara qədər yüksəlib.

ABŞ-la Çin arasında təzəcə alovlanmaqda olan ticarət müharibəsi Forumun fəaliyyətinə də təsirsiz ötüşməyə bilməzdi. Belə ki, açılışla yanaşı müxtəlif panellərdə bu xoşagəlməz məsələyə toxunuldu. Hətta N.Nazarbayev bir qədər irəli gedərək, tərəflərə ortaq məxrəcə gəlmək üçün meydan verə biləcəklərini bəyan etdi: “Qazaxıstan Nur-Sultanda ABŞ, Çin, Rusiya və Avropa İttifaqının (Aİ) səlahiyyətli nümayəndələri arasında dialoq üçün platforma təqdim etməyə hazırdır. Səmərəsiz sanksiyalar rejimindən bütün dünyanın gələcəyini təyin edən liderlərlə birbaşa dialoqa keçmək vacibdir. Bu əlaqələr zamanı ABŞ, Çin, Rusiya və Aİ nümayəndələri arasında baş vermiş geosiyası böhrandan çıxış yollarını müzakirə etməyin vaxtı çatıb. Mən bu ölkələrin liderləri ilə belə danışıqlar aparıram”.

XII “Astana İqtisadi Forum”u çərçivəsində keçirilən mətbuat konfransında çıxış edən IMF direktoru Kristin Laqard da Çinlə ABŞ arasındakı soyuqlaşmaya toxundu. Onun sözlərinə görə, əslində bu müharibənin heç bir qalibi yoxdur:

“Hər bir ticarət müharibəsi həm iştirakçı tərəflər, həm də iştirak etməyənlər üçün fəsadlar törədir. Yəni bu müharibə birbaşa və dolayı təsir göstərir, çaşqınlıq yaradır. Ticarət müharibəsi nəticəsində iqtisadi oyunçular, özəl sektor təmsilçiləri tədarük marşrutlarını dəyişdirə bilər. Ticarət qarşıdurması çox güman davam edəcək, hərçənd bunun əksini istərdik. Ticarət müharibəsində qalib ola bilməz, yalnız məğlublar olur. Amma bu vəziyyəti hər iki tərəfin mənfəətinə həll etmək mümkündür”

Kristin Laqard Nur-Sultan Nazarbayevin konfliktin həlli ilə bağlı təklifini dəstəklədiyini də açıqladı:“Mövcud gərginliyin səngiyəcəyinə, sizin vasitəçiliyinizin də buna yardım olacağına inanırıq”.

Əslində AEF-2019 Qazaxıstanın investisiyalara maraqlı olmasını və bunun üçün bütün lazımi şəraitin yaradılmasını göstərdi. Forumda müzakirə olunan məsələlərin demək olar ki, hamısı Azərbaycan üçün də əhəmiyyətlidir, çünki, Azərbaycan da xarici investisiyaların ölkəyə cəlbi üçün çalışır və bunun üçün müvafiq addımlar atılır. Bundan əlavə Azərbaycan qədim ipək yolunun üzərində yerləşir və bu gün müzakirələr aparılan “Böyük ipək yolu” layihəsinin gerçəkləşməsində maraqlıdır.

Xatırladaq ki, bu vaxta qədər 11 dəfə keçirilən AEF çərçivəsində dəyəri 20 mlrd. ABŞ dolları olan 300-dən artıq memorandum imzalanıb.

Son xəbərlər

Orphus sistemi