Cənubi Qafqazın ən iri sement istehsalçısı olan “Norm” ASC ötən ilki fəaliyyətini uğurla başa vurduğuna dair hesabat verib. 2013-cü ildən bəri qeyri-neft sektorunun inkişafına töhfə verən və sənaye sahəsində aparıcı mövqe tutan şirkət bu il də mühüm uğurlara imza atıb.
“Norm” il ərzində Qarabağda işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və regionun abadlaşdırılması istiqamətində çoxşaxəli fəaliyyət planını həyata keçirməyə nail olub. Belə ki, işğaldan azad edilmiş rayonlarda davam edən bir çox inşaat layihələrinin sement təchizatını məhz Norm Sement zavodu qarşılayıb. Zəfər yolu, Şükürbəyli-Cəbrayıl-Hadrud, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Toğanalı-Kəlbəcər-İstisu, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yollarının inşasında Norm sementlərindən istifadə olunub. Daşaltı, Toğana-Kəlbəcər tunelləri və yeraltı keçidləri zavodda istehsal olunan və tunellərin tikintisi üçün nəzərdə tutulan xüsusi növ sementlə tikilib.
Bölgədə yaşayış binalarının, kənd təsərrüfatı və səhiyyə obyektlərinin, yolların, viaduk, körpü və tunellərin inşasında istifadə olunan sement məhsullarının təminatı ilə yanaşı, bu məhsulların qısa zaman ərzində və təhlükəsizlik qaydalarına riayət olunaraq müştərilərə çatdırılması şirkətin logistika siyasətinin başlıca prioriteti olub. Bu siyasətə uyğun olaraq, Qarabağda həyata keçirilən layihələr üzrə sement təchizatında yubanmaların qarşısının alınması və davamlılığın təmin edilməsi məqsədilə “Norm” Avropa istehsalı olan və Avro 5 standartının tələblərinə cavab verən 12 ədəd əlavə yük maşını alıb. Unikal dizayna və yüngül çəkiyə malik olan, yük kompressorları və rəqəmsal qoşquya nəzarət sistemi ilə təchiz olunan bu nəqliyyat vasitələrində sementin boşaldılması zamanı təhlükəsizlik və maksimum səmərəlik təmin olunur. Ən son texnologiyaların tətbiqi ilə istehsal olunan maşınlar və qoşqu vasitələri çətin yol şəraitinə dayanıqlı olub sürücülərin rahatlığı üçün əlverişli imkanlara malikdir.
2022-ci ildə zavodda quyu-tamponaj sementinin istehsalı və satışı ilə bağlı mühüm addımlar atılıb. Bu sement növünün istehsalı üçün zavodda tədqiqat və hazırlıq işlərinə hələ 2019-cu ildən başlanılmış, istehsal üçün lisenziya prosesləri pandemiya şəraitində davam etdirilərək, ötən ildən etibarən məhsulun istehsalı həyata keçirilib. Bu sement növü ölkənin neft sənayesi üçün strateji məhsul hesab olunur və 2021-ci ilə qədər Azərbaycanda istehsal olunmadığına görə xaricdən idxal olunurdu. Bu ildən etibarən, “Norm” SOCAR, eləcə də bir sıra yerli və xarici şirkətləri quyu-tamponaj sementi ilə təchiz etməyə başlayıb. Fəxr hissi ilə vurğulamaq olar ki, bu gün Norm Sement zavodu ölkənin neft sənayesinin quyu-tamponaj sementinə olan tələbatını tam ödəmək iqtidarindadır. Xatırladaq ki, zavod Cənubi Qafqazda quyu-tamponaj sementinin ilk istehsalçısıdır və bu məhsul Amerika Neft İnstitutunun (API) Q1 və 10A sertifikatlarına layiq görülüb. Beləliklə, qeyri-neft sektorunun inkişafında rolu olan sənaye müəssisəsi kimi ”Norm” həm də, neft sənayesini bu məhsulla təchiz etməklə xaricdən asılılığı aradan qaldırmağa dəstək olur.
Həmçinin bildirilir ki, 2022-ci il şirkət üçün istehsalatda qəzasız il kimi yadda qalıb, şirkətin cari ilin yekunlarına dair illik məlumat iclasında “2 milyon qəzasız iş saatı”nın tamamlanması xüsusi qeyd edilib.
İl ərzində şirkət təhsillə bağlı layihələri də uğurla icra edib. Belə ki, bir sıra universitetlərlə əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum çərçivəsində həmin universitetlərdə təhsil alan tələbələr Norm Sement zavodunda istehsalat təcrübələrinə cəlb olunublar. Bununla yanaşı, zavodun peşəkar heyəti tələbələrə istehsal, maliyyə, biznes, keyfiyyətə nəzarət və s. sahələrlə bağlı müxtəlif mövzularda təlimlər keçib.
“Norm” ölkə iqtisadiyyatının dayanıqlı inkişafına dəstək vermək məqsədilə növbəti illər ərzində bütün imkanlarından istifadə etməyə və sənaye sahəsində öz rolunu möhkəmləndirməyə davam edəcək.