Bakı. 6 yanvar. REPORT.AZ/ “Bu ay Azərbaycanda İranla birgə müəssisə formasında əczaçılıq zavodunun təməlinin qoyulması nəzərdə tutulur. İstehsal müəssisəsinin yaradılmasının mərhələli şəkildə icrası planlaşdırılır”. “Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev “AzərTAc”a müsahibəsində deyib.
Nazir qeyd edib ki, birinci mərhələdə həb və kapsul, ikinci mərhələdə ampul və flakon, üçüncü mərhələdə isə daha geniş çeşiddə antibiotik dərmanların istehsalı planlaşdırılır: “Layihənin birinci mərhələsinin dəyəri 20,5 mln. ABŞ dolları təşkil edəcək. Bu zaman 54 təsiredici maddə üzrə 84 çeşiddə ağrıkəsici, vitamin, iltihab əleyhinə vasitə və antibiotik, kardiovaskulyar, antihistamin və antiallergik, qan təzyiqi problemləri, göbələk, sinir sistemi və qastroenteroloji xəstəliklərə qarşı dərman vasitələri istehsal ediləcək. Ötən ilin noyabrında Pirallahı Sənaye Parkında Rusiya ilə birgə müəssisənin - Almaniya və İtaliyanın aparıcı şirkətlərinin mühəndislik işlərindən istifadə olunmasını nəzərdə tutan əczaçılıq zavodunun təməli qoyulub. İnvestisiya dəyəri 74 mln. dollar olan zavodda onkologiya, QİÇS, sinir sistemi, kardiovaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus və diareya əleyhinə preparatlar, həmçinin rentgen-kontrast və maqnit rezonans müayinələr üçün əlavələr istehsal ediləcək”.
Eyni zamanda Ş.Mustafayev bildirib ki, əczaçılıq məhsullarının birgə istehsalı üzrə Türkiyə və Ukraynanın bir neçə şirkəti ilə də danışıqlar aparılır. Onun sözlərinə görə, artıq həmin şirkətlər tərəfindən müvafiq biznes-plan və əsaslandırma sənədləri hazırlanır: “Eyni zamanda, Azərbaycanda əczaçılıq sənayesinin təşkilinə aparıcı Avropa şirkətlərinin cəlb edilməsi istiqamətində işlər görülür. Belə ki, İqtisadiyyat Nazirliyinin nümayəndə heyəti Almaniya və İsveçrəyə səfər edərək potensial tərəfdaş şirkətlərlə müzakirələr aparıb. Qeyd edilən görüşlərdə Almaniya və İsveçrə şirkətləri Azərbaycanda əczaçılıq məhsullarının istehsalı sahəsində əməkdaşlığa dair maraqlarını ifadə ediblər. Məsələn, dünyanın bir sıra aparıcı əczaçılıq şirkəti ölkəmizdə yaradılacaq əczaçılıq istehsalı müəssisəsində patent hüququ qorunan dərmanlarının qablaşdırılmasının təşkilinə maraqlarını bildirib”.
“Əczaçılıq zavodları ilə yanaşı, tibbi təyinatlı digər məhsulların da ölkəmizdə istehsalına investorlar tərəfindən maraq var. Məsələn, hazırda birdəfəlik şprislərin istehsalı layihəsinin icrası ilə bağlı işlər aparılır.Ümumiyyətlə, Azərbaycanda yaradılacaq dərman istehsalı zavodları ölkənin əczaçılıq sənayesinin inkişafında və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynamaqla yanaşı, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək. Bu sahədə idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaq”, - deyə nazir əlavə edib.
Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə münasibət bildirən Ş.Mustafayev ötən il dərman vasitələri idxalının təqribən 80%-nin Avropavə digər inkişaf etmiş ölkələrin payına düşdüyünü deyib: “Dərman vasitələrinin digər hissəsi isə əsasən Rusiya, Ukrayna və Belarusdan idxal olunur. İdxal üzrə strukturda ölkələrin payı dərman vasitələrinin dövlət qeydiyyatı üzrə strukturuna uyğun olduğundan ucuz və ya bahalı dərman məsələsi optimal şəkildə tənzimlənir. Tənzimləmədən əvvəl ölkəyə bir qutu dərman vasitəsi orta hesabla 3 dollara idxal olunduğu halda, hazırda 1,4 dollara idxal edilir. Dərman bazarı öz xüsusiyyətlərinə görə digər bazarlardan fərqlənir və bu sahədə sərbəst rəqabətin olması qiymətlərin aşağı düşməsini təmin etmir. Belə ki, vətəndaş digər məhsullardan fərqli olaraq dərman vasitəsini öz istəyi və seçimi əsasında almır. Vətəndaş ona təyin olunan dərman vasitəsini almaq məcburiyyətindədir. Qiymətlər sərbəst olduğu halda isə “marketinq firmaları” bundan istifadə edərək müxtəlif “yollarla” qiymətləri dəfələrlə artırırlar. Dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi ölkədə istehsalın hansı səviyyədə təşkil edilməsindən asılı olmayaraq optimal qiymətlərin formalaşmasına xidmət edir”.
Ş.Mustafayevin sözlərinə görə, ötən il ərzində 2015-ci illə müqayisədə qutu sayı ilə ifadədə ölkəyə dərman vasitələrinin idxalı 20% artıb: "Buna baxmayaraq, manatın ABŞ dollarına olan rəsmi məzənnəsinin dəyişməsi və idxalçıların banklardan xarici valyuta alışındakı çətinliklər səbəbindən ötən ilin noyabr ayının ikinci yarısında dərman vasitələrinin aptek təşkilatlarına təchizatında müvəqqəti problemlər yaranmışdı. İdxalçıların xarici valyuta alışındakı çətinlikləri həllini tapdıqdan və Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli qərarı ilə dərman vasitələrinin qiymətləri manatın cari rəsmi məzənnəsinə uyğunlaşdırıldıqdan sonra aptek təşkilatlarının təchizatı ilə bağlı problem aradan qaldırılıb. Tənzimləmədən sonra bu sahədə şəffaflıq təmin edilib, ictimai və dövlət nəzarəti güclənib, artıq hər bir vətəndaş hansı dərmanın hansı qiymətə olduğunu bilir. Dərmanlar bütün apteklərdə eyni qiymətə satılmaqla, vətəndaşların ucuz aptek axtarmaq zərurəti tam aradan qalxır və süni qiymət artımının qarşısı alınır. Təsəvvür edin ki, tənzimləmədən əvvəl məzənnənin sabit olduğu bir dövrdə dərman vasitələrini dəfələrlə baha satan “marketinq firmaları” tənzimləmə aparılmasaydı, məzənnənin belə dəyişməsindən istifadə edərək dərman vasitələrini hazırkı qiymətlərdən dəfələrlə baha qiymətə satacaqdılar".
Nazir vurğulayıb ki, vətəndaşlar bir çox hallarda dərman vasitəsi kimi bioloji fəallığa malik qida əlavələrinin qiymətlərindən şikayətlənirlər: “Bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə istifadə oluna bilər. Lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi üçün təyin olunan dərman vasitələrini əvəz etmir. Bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi deyildir və onların qiymətləri digər ölkələrdə də dövlət tərəfindən tənzimlənmir. Bununla bağlı “Dərman vasitələri haqqında” qanuna müvafiq dəyişikliklər edilib. Artıq bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılması qadağandır, üzərində və içlik vərəqlərində aydın şəkildə “dərman vasitəsi deyildir” sözləri yazılmalıdır. Reklam edilərkən də onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir”.