“Qazaxıstan Azərbaycan ilə infrastruktur layihələrinin inkişaf etdirilməsində maraqlıdır”.
"Report" xəbər verir ki, bunu Qazaxıstanın Baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarin Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 19-cu iclasında deyib.
“Biz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində işləri sürətləndirməyi təklif edirik”, - nazir bildirib. O, Qazaxıstan və Azərbaycanın enerji sektorunda və İKT sahəsində əməkdaşlığı inkişaf etdirməyə davam etdiyini qeyd edib.
"Pandemiya rəqəmsallaşmanın inkişafına təkan verib. Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi də xüsusi əhəmiyyət kəsb edir. Biz Azərbaycan ilə maksimum əməkdaşlıq hədəfləyirik və təkliflərə həmişə açığıq”, - Serik Jumanqarin bildirib.