Azərbaycanda "Coursera" şirkətinin təlimlərindən 200 000 insan ödənişsiz yararlana biləcək.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bu gün Bakıda keçirilən "Təlim və inkişaf sistemində müasir çağırışlar" mövzusunda forumda deyib.
Onun sözlərinə görə, təlimlər çərçivəsində 8 minə yaxın kurs təqdim ediləcək.
Xatırladaq ki, ötən ilin sentyabr ayında İqtisadiyyat Nazirliyi tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsilin İnkişafı Fondu və "Coursera" şirkəti ilə birgə rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi məqsədi ilə vətəndaşların rəqəmsal biliklərinin artırılmasını hədəfləyən "4Sİ Akademiyası" layihəsinə start verib.
Nazir müavini bildirib ki, layihənin I mərhələsində 10 000 Azərbaycan vətəndaşı üçün süni zəka, böyük verilənlər, data analitika, blokçeyn, bulud texnologiyaları, liderlik, kommunikasiya, ingilis dili və digər istiqamətlər üzrə 800 kurs və təlimdən ödənişsiz əsaslarla istifadə etmək imkanı yaradılıb.