Naxçıvanda istehsal olunan məhsulların Türkiyəyə ixracına dair müzakirələr aparılıb

Naxçıvanda istehsal olunan məhsulların Türkiyəyə ixracına dair müzakirələr aparılıb Bu gün İqtisadiyyat Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib
Biznes
8 İyun , 2017 19:47
Naxçıvanda istehsal olunan məhsulların Türkiyəyə ixracına dair müzakirələr aparılıb

Bakı. 8 iyun. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib.

“Report” nazirliyə istinadən xəbər verir ki, görüşdə Azərbaycandan, xüsusilə Naxçıvan MR-dan Türkiyəyə ixracın genişləndirilməsinə, Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinə və ölkələrimiz arasında ticarət məsələlərinə dair müzakirələr aparılıb.

Nazir Şahin Mustafayev Azərbaycan-Türkiyə əlaqələrinin strateji səviyyədə olduğunu, ölkələr arasında əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini, birgə layihələrin uğurla reallaşdırıldığını vurğulayıb. Onun sözlərinə görə, bu ilin yanvar-aprel aylarında Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 88%, o cümlədən ixrac 4 dəfə, idxal isə 18% artıb.

Naxçıvanın iqtisadiyyatının davamlı inkişafına böyük önəm verildiyini, MR-nın inkişaf etdiyini, müasir infrastrukturun, istehsal müəssisələrinin yaradıldığını diqqətə çatdıran Şahin Mustafayev bu baxımdan bölgənin potensialının reallaşdırılmasının, ixracının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb: “Naxçıvanda istehsal olunan məhsulların Türkiyə ixracının artırılması üçün imkanlar böyükdür. Azərbaycan və Türkiyə prezidentləri bu potensialın reallaşdırılmasına xüsusi önəm verirlər. Bu istiqamətdə indiyədək rəsmi şəxslərin və sahibkarların iştirakı ilə görüşlər keçirilib, qarşılıqlı səfərlər təşkil olunub, müzakirələr aparılıb”.

Türkiyə nümayəndə heyəti Naxçıvan məhsullarının Türkiyəyə ixracının genişləndirilməsinə dəstək veriləcəyini, bu istiqamətdə əlaqədar qurum və sahibkarlarla sistemli iş aparıldığını və türk iş adamların Naxçıvana investisiya qoyulmasında maraqlı olduğunu bildirib.

Müzakirələrdə Azərbaycan Mərkəzi Bankının, Dövlət Gömrük Komitəsinın, Naxçıvan MR-nın İqtisadiyyat Nazirliyinin, Türkiyənin İqtisadiyyat Nazirliyinin və Mərkəzi Bankının yüksək vəzifəli rəsmiləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi