Naxçıvanda “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib

Naxçıvanda “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib Qayda Naxçıvan İqtisadiyyat Nazirliyi tərəfindən hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviqi sənədinin verilməsi qaydasını müəyyən edir
Biznes
21 Yanvar , 2016 23:04
Naxçıvanda “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib

Bakı. 21 yanvar. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nı təsdiq edib.

“Report”un xəbərinə görə, bu qayda Naxçıvan İqtisadiyyat Nazirliyi tərəfindən hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviqi sənədinin verilməsi qaydasını müəyyən edir.

Qaydaya əsasən, investisiya təşviqi sənədi investisiya layihələrini təqdim etmiş sahibkarlara verilir. İnvestisiya təşviqi sənədi qanunvericiliklə müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. İnvestisiya təşviqi sənədinin verilməsi üçün investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ, investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri olmalıdır.

Qaydaya görə, ərizə ilə birlikdə investisiya layihəsi (biznes planı), nəzərdə tutulmuş məbləğin 10 faizinin müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulduğunu təsdiq edən sənəd, ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti təqdim olunmalıdır.

Sahibkar nəzərdə tutulmuş məbləğin 10 faizi müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulmamışdan əvvəl, onun investisiya layihəsinin meyarlara uyğunluğunun müəyyən edilməsi üçün nazirliyə müraciət etmək hüququna malikdir. Nazirlik bu cür müraciətə 5 iş günü müddətində baxaraq cavablandırır.

İnvestisiya layihəsi meyarlara tam cavab verdiyi və təqdim olunmuş sənədlərdə çatışmazlıqlar olmadığı halda nazirlik investisiya təşviqi sənədini sahibkara verir. Nazirlik verdiyi investisiya təşviqi sənədi barədə məlumatı 3 gün ərzində Naxçıvan Vergilər Nazirliyinə və Naxçıvan Dövlət Gömrük Komitəsinə verir.

Nazirlik investisiya təşviqi sənədi verilmiş investisiya layihəsinin meyarlar pozulmaqla həyata keçirildiyi haqqında əsaslı məlumat əldə etdikdə və bu pozuntuların aradan qaldırılması mümkün olmadıqda, investisiya təşviqi sənədinin ləğvinə dair qərar qəbul edərək, bu barədə 3 gün ərzində sahibkara, Naxçıvan Vergilər Nazirliyinə və Naxçıvan Dövlət Gömrük Komitəsinə məlumat verir. İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri Naxçıvan Nazirlər Kabineti tərəfindən müəyyən olunur.

Son xəbərlər

Orphus sistemi