DMA sədri: "Məşğulluq xəritəsi dövlət təşəbbüslərini daha sistemli edəcək"

DMA sədri: "Məşğulluq xəritəsi dövlət təşəbbüslərini daha sistemli edəcək" Dövlət Məşğulluq Agentliyinin sədri  məşğulluq xəritəsində yer alan məqamları açıqlayıb
Biznes
13 Mart , 2021 17:58
DMA sədri: Məşğulluq xəritəsi dövlət təşəbbüslərini daha sistemli edəcək

“Ölkənin məşğulluq xəritəsinin yaradılması bizim üçün kifayət qədər önəmlidir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkil etdiyi “Rəqəmsal Məşğulluq” mövzusunda onlayn konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, məşğulluq xəritəsində real vaxt rejimində bütün ölkənin həm məşğulluq, həm demoqrafik, həm də işsizlik göstəriciləri, həm də bütün peşə sahələri üzrə bütün istiqamətlər, informasiyalar ictimaiyyətə açıq olacaq: “İnanırıq ki, bu sistemin tətbiqi ilə biz dövlət təşəbbüslərinin daha əsaslı və düşünülmüş, sistemli olmasına nail olacağıq”.

M.Abbasbəyli əlavə edib ki, bu gün hər hansı bir investisiya layihəsinin həyata keçirilməsində əlimizdə olan məlumatlar kifayət qədər geniş olmur: “Bizim planlamalarımız real rəqəmlərə daha çox əsaslanmır. Bu xəritənin tətbiqi ilə inanırıq ki, istənilən təşəbbüsün, istənilən ərazi vahidində həyata keçirilməsinə önəmli ölçüdə dəstək ola biləcəyik. Xəritənin tətbiqi həm iqtisadiyyatımız üçün, həm də ölkənin məşğulluq siyasəti üçün ciddi töhfə verəcək”.

Xatırladaq ki, Azərbaycanda 2021-ci ildə məşğulluq reyestrinin və xəritəsinin yaradılması nəzərdə tutulurdu.

Son xəbərlər

Orphus sistemi