Mingəçevirdə yerləşən inşaat müəssisəsi hərraca çıxarılıb

Mingəçevirdə yerləşən inşaat müəssisəsi hərraca çıxarılıb Əmlak Məsələləri Dövlət Komitəsi oktyabrın 31-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirəcək
Biznes
2 Oktyabr , 2017 11:07
Mingəçevirdə yerləşən inşaat müəssisəsi hərraca çıxarılıb
Report

Bakı. 2 oktyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) oktyabrın 31-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirəcək.

“Report” Komitəyə istinadən xəbər verir ki, hərraca 18 kiçik dövlət müəssisə və obyekti, 75 istifadəsiz qeyri-yaşayış sahəsi, 20 səhmdar cəmiyyəti, 3 nəqliyyat vasitəsi olmaqla 116 dövlət əmlakı çıxarılıb.

Hərraca çıxarılmış səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Ağcabədi Aqrotexservis”, “Astara çay-3”, “Masazır Quşçuluq”, “Xaçmaz Mexanizasiya Nəqliyyat“, “Şıxlar Broyler”, “Mingəçevir Qum Çınqıl“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Onların investorlara təklif olunan səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. İlkin start qiyməti ən çox olan əmlak “Mingəçevir Qum Çınqıl“ ASC-dir. Onun səhminin 30%-nin qiyməti 160 min manata yaxındır. “Ağcabədi Aqrotexservis” ASC-nin səhmlərinin 30%-i isə təxminən 100 min manata təklif olunur.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Şəmkir, Yevlax, Biləsuvar, Siyəzən, Qazax, Ağstafa, Mingəçevir və digər rayonlarda yerləşir. Onların ümumi faydalı sahəsi 20-556 kv.m arasında dəyişir. Ən yüksək qiymət Qazaxda yerləşən "Elviz" kiçik dövlət müəssisəsinə qoyulub. Adı çəkilən əmlak 99 min manata təklif edilir. Onun torpaq sahəsi 6 500 kv.m, ümumi faydalı sahəsi isə 800 kv.m.-dir. Əmlak torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır. Şəmkirdə yerləşən çörək mağazası və Mingəçevir şəhərində yerləşən 138 saylı mağaza qiyməti ilə seçilənlər sırasındadır.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Sabunçu rayonunda yerləşən 67 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 250 kv.m-ə, torpaq sahəsi isə 300 kv.m-ə yaxındır. Bundan başqa Yevlaxda yerləşən 7 saylı yeməkxana da sahibi üçün iaşə sahəsində gəlirli hesab olunur.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 60-ı paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Səbail rayonunda yerləşən qeyri-yaşayış sahəsinə təklif olunub. Belə ki, bu əmlak 80 min manat start qiyməti ilə hərraca çıxarılıb. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 10-300 kv.m arasında dəyişir.

Daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan Şirvanda yerləşən 34 kv.m olan qeyri yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 2700 manat təşkil edir. Həmçinin paytaxtın Nizami rayonunda yerləşən, sahəsi 36 kv.m-ə yaxın, ilkin start qiyməti 4 min 450 manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin ilkin start qiyməti 1 127 manatdan 4 min manata kimi dəyişir. 2007-ci ilin istehsalı olan “KİA Sportage” markalı avtomobilin ilkin start qiyməti 4 min manat olmaqla alıcılar üçün olduqca əlverişlidir.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür.

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2669

Son xəbərlər

Orphus sistemi