Rəqabət Məcəlləsi Azərbaycan sahibkarlıq subyektlərinin xarici münasibəltərinin ölkədəki rəqabətə təsirinin qiymətləndirilməsi imkanlarını yaradacaq.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət üzər Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirdiyi Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmədə deyib.
Dövlət Xidmətinin rəhbəri bildirib ki, Rəqabət Məcəlləsinin tətbiq dairəsi genişləndirilib: "Yeni qanunvericilikdə rəqabət aparmamaq öhdəliyinin qadağan edilməsi ilə bağlı fəaliyyət də əks olunub. Bu gün bizə müraciət edilərək bildirilir ki, rəqib digər sahibkarın bazardan çəkilməsini, iştirak etməməsini tələb edir".
Ümumiyyətlə, onun sözlərinə görə, Rəqabət Məcəlləsinin əsas üstünlükləri 9 bölmə olaraq ayrılıb.
M. Abbasbəyli bildirib ki, bunlardan biri bazar sərhəddinin dəqiq müəyyən edilməsidir:
"Digər məsələ təsərrüfat subyektlərinə nəzarət sahəsində qeyri-formal münasibətlərin hüquqi müstəviyə keçirilməsidir. Bu gün müxtəlif bazar subyektıləri var ki, ya sahibliyi dolayısıyla eynidir ya da qohumluq əlaqələri əsasında eyni sahibkarlıq subyektlərini fərqli insanlar idarə edir. Bu vaxta qədər qanunvericilikdə bununla bağlı tənzimləmə yox idi. Amma yeni qanunvericiliklə olacaq".