Mehdi Babayev: "Bir sıra ərzaq məhsullarını ƏDV-dən azad etmək mümkündür"

Mehdi Babayev: "Bir sıra ərzaq məhsullarını ƏDV-dən azad etmək mümkündür" Bir sıra ərzaq məhsullarını ƏDV-dən ləğv etmək mümkündür. Həmin məhsulları bir siyahıya almaq olar. Buna hökumət səviyyəsində baxılmalıdır.
Biznes
30 Sentyabr , 2022 18:03
Mehdi Babayev: Bir sıra ərzaq məhsullarını ƏDV-dən azad etmək mümkündür

"Azərbaycanda bir sıra ərzaq məhsullarını əlavə dəyər vergisindən (ƏDV) azad etmək mümkündür. Həmin məhsulların siyahısı hazırlana, hökumət səviyyəsində nəzərdən keçirilə bilər".

Bunu "Report"a açıqlamasında "Bakı Hesabat Mərkəzi"nin direktoru Mehdi Babayev deputatların ərzaq satışına tətbiq olunan ƏDV-nin dərəcəsinin azaldılması ilə bağlı təkliflərinə münasibət bildirərkən deyib.

"Hesab edirəm ki, bu, yaxşı təklifdir, qiymətlərin stabilləşməsinə, əhalinin alıcılıq qabiliyyətinin artmasına səbəb ola bilər. Qida məhsullarının tərkibində kənd təsərrüfatı məhsulları da var. Amma düşünürəm ki, ƏDV güzəştini aqrar məhsullara şamil etmək bir o qədər uğurlu olmayacaq. Məsələn, düyünün qiyməti ayın əvvəlində də, ayın sonunda da demək olar ki eynidir. Qiymət ən çoxu 3-5 % dəyişə bilər. Amma meyvə-tərəvəzdə həddindən çox qiymət dəyişməsi olur. Məsələn, ayın əvvəli 2 manata olan pomidor ayın sonu 5 manata qədər arta bilir. Və yaxud ayın əvvəli 0,3 manata olan soğan ayın ortası 0,7 manata kimi bahalaşır və müəyyən müddətdən sonra kəskin ucuzlaşır. Yəni bu qiymət dəyişmələri o qədər intervalla baş verir ki 18 % olan ƏDV məbləği öz mahiyyətini, mənasını itirmiş olur. Ona görə həmin təklifin bütün qida məhsullarına tətbiqinin uğurlu olacağına inanmıram", - deyə o, qeyd edib.

M.Babayev hesab edir ki, qiymətlərin formalaşmasında - yüksək olmasında satış zəncirində iştiran edən 2-cü və 3-cü şəxslərin manipulyasiyaları böyük rol oynayır: "Bəzən məhsullar müəyyən sabotaj vasitələrindən istifadə edilməklə satılır, İstehlak olunan məhsulları anbarlarda saxlayırlar ki, sonra daha baha satsınlar. Məsələn, kartof, soğan, pomidor, xiyar kimi tərəvəzlər, meyvə məhsullarından üzüm, alma, sitrus meyvələri belələrindəndir. Bunlara gündəlik tələbat olduğu üçün qiymətlərdə çox hallarda dəfələrlə dəyişiklik olur. Belə dəyişiklikləri nəzərə alsaq, qiymətin tərkibində 18 % mahiyyətini itirir".

Son xəbərlər

Orphus sistemi