Masallıda sahibkarlara güzəştli kredit verilib

Masallıda sahibkarlara güzəştli kredit verilib Kreditlər heyvandarlıq, üzümçülük, əkinçilik, çayçılıq, istixana təsərrüfatları, çörək və mebel istehsalına ayrılıb
Biznes
13 İyul , 2017 18:35
Masallıda sahibkarlara güzəştli kredit verilib

Bakı. 13 iyul. REPORT.AZ/ Bu gün sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum Masallı rayonunun Dəlləkoba kəndində keçirillib. 

İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, forumda 60-a yaxın sahibkar iştirak edib.

Forum çərçivəsində Masallının iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, onlara Fond tərəfindən rayonunun iqtisadi potensialına uyğun olaraq hazırlanmış cins heyvandarlıq, kartofçuluq, istixana, intensiv bağçılıq və çayçılıq təsərrüfatlarının, meyvəqurutma müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub.

Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlığın genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Qeyd edilib ki, 2017-ci ilin ötən dövrü ərzində 840 sahibkara 65,3 mln. manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 2 600-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradır.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Masallı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 309 min manat güzəştli kredit verilib. Bu güzəştli kreditlər heyvandarlıq, üzümçülük, əkinçilik, çayçılıq, istixana təsərrüfatlarının, çörək və mebel istehsalı sahələrinin inkişafına yönəldiləcək. Ümumilikdə isə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Lənkəran iqtisadi rayonu üzrə 3 100-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 119,1 mln. manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində Masallı rayonunda güzəştli kredit ayrılan çayçılıq təsərrüfatına və mebel istehsalı müəssisəsinə baxış keçirilib.

Qeyd edək ki, indiyədək çayçılığın inkişafı ilə bağlı 14 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 10,7 mln. manat güzəştli kredit verilib.

Son xəbərlər

Orphus sistemi