Mart ayında dövlətə məxsus üç müəssisə ixrac həyata keçirməyib

Mart ayında dövlətə məxsus üç müəssisə ixrac həyata keçirməyib Bu ilin yanvar-mart aylarında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edib.
Biznes
29 Aprel , 2020 10:22
Mart ayında dövlətə məxsus üç müəssisə ixrac həyata keçirməyib

Bu ilin yanvar-mart aylarında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2020-ci ilin aprel sayında göstərilib.

Hesabat dövründə İdarənin qeyri-neft sektoru üzrə ixracı 33,6 mln. ABŞ dolları təşkil edib. Bu isə ötən ilin müvafiq dövründən 22% azdır.

Bu siyahıda növbəti yerləri “AzerGold” QSC (19 mln. ABŞ dolları), “Azərenerji” ASC (17,8 mln. ABŞ dolları), “Azəralüminium” MMC (17,4 mln. ABŞ dolları), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC (10,7 mln. ABŞ dolları), “Azərbaycan Hava Yolları” QSC (2,5 mln. ABŞ dolları), “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC (822 min ABŞ dolları), “ASK Şüşə” MMC (166 min ABŞ dolları) tutub.

Bu ilin I rübündə “AzerGold” QSC-nin ixracı ötən ilin müvafiq dövründən 46% çox, “Azərenerji” ASC-nin ixracı 53,6% az olub. Hesabat dövründə “Azəralüminium” MMC ixracını 8,9% azaldıb, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC doqquz dəfəyədək artırıb. Bu ilin üç ayında “Azərbaycan Hava Yolları” QSC-nin ixracı 55% azalıb, “ASK Şüşə” MMC 59 dəfə artıb.

“Azərbaycan İstilik Elektrik Stansiyası” isə ixraca bu ildən başlayıb. Mart ayında “Azərenerji” ASC, “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC “ASK Şüşə” MMC ixrac həyata keçirməyib.

Son xəbərlər

Orphus sistemi