Bakı. 30 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gün Cəlilabad rayonunda işgüzar forum keçirirb.
Nazirlikdən "Report"a bildirilib ki, forumda 100-ə yaxın sahibkar iştirak edib. Burada rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və prioritet hesab olunan iri fermer, intensiv kartofçuluq, üzümçülük, pambıq, soya, noxud və mərci əkini təsərrüfatlarının, çiyələk emalı və quru meyvə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.
Fondun icraçı direktoru Şirzad Abdullayev vurğulayıb ki, bu ilin ötən dövrü ərzində 90-a yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 20,7 mln. manat güzəştli kredit verilib: "İndiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3 mindən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 118,6 mln. manat güzəştli kredit ayrılıb. Digər sahələrlə yanaşı müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq kompleksinin, çörək zavodlarının, meyvə-tərəvəz, mebel və tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, istixana, çayçılıq, üzümçülük təsərrüfatlarının, yem zavodunun yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib".
İşgüzar forum çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 226 min manat güzəştli kredit verilib. Kreditlər əsasən heyvandarlıq, arıçılıq, çayçılıq, üzümçülük sahələrinin inkişafına yönəldiləcək və 30-a yaxın yeni iş yerinin açılmasına imkan verəcək.
Eyni zamanda tədbir çərçivəsində Cəlilabadda güzəştli kredit ayrılan iri fermer təsərrüfatına baxış keçirilib. Ümumilikdə, son illər ölkə ərazisində müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinə əsaslanan 44 min hektaradək ərazidə 32 iri fermer təsərrüfatı yaradılıb. Bu təsərrüfatlarda məhsuldarlıq arpa və buğda üzrə 60 sentnerədək, qarğıdalıda 120 sentnerədək, soyada isə 35 sentnerədək təşkil edir.