Layihələndirmə şirkətləri pandemiyadan necə təsirlənib?

Layihələndirmə şirkətləri pandemiyadan necə təsirlənib? Bakıda yaşayış kompleksləri, ictimai iaşə obyektləri, xidmət mərkəzləri kimi müxtəlif dövlət əhəmiyyətli və özəl tikililər üzrə layihələndirmə işlərini həyata keçirən şirkətlər fəaliyyət göstərir. Bu şirkətlərin fəaliyyəti birbaşa olaraq tikinti sektorunun işi ilə əlaqədardır.
Biznes
18 İyun , 2020 18:01
Layihələndirmə şirkətləri pandemiyadan necə təsirlənib?

Bakıda yaşayış kompleksləri, ictimai iaşə obyektləri, xidmət mərkəzləri kimi müxtəlif dövlət əhəmiyyətli və özəl tikililər üzrə layihələndirmə işlərini həyata keçirən şirkətlər fəaliyyət göstərir. Bu şirkətlərin fəaliyyəti birbaşa olaraq tikinti sektorunun işi ilə əlaqədardır.

Ölkədə koronavirus pandemiyasının yayıldığı dövrdə tikinti sektoru öz fəaliyyətini davam etdirdi. Lakin bu, o demək deyil ki, aparılan tikinti işləri və icra edilməsi nəzərdə tutulan layihələrdə pandemiyadan təsirlənmələr mövcud olmayıb.

“Report” pandemiyanın Bakıdakı layihələndirmə şirkətlərinin fəaliyyətinə necə təsir etdiyini öyrənib.

Paytaxtda fəaliyyət göstərən CHİZA memarlıq bürosunun direktoru Çingiz Ağarzayev bu barədə verdiyi açıqlamada qeyd edib ki, layihələndirmə işlərində vaxt məhdudluğu ilə əlaqədar problemlər yaranıb:

“Sifarişçi ilə görüşmək, tikinti işlərinə nəzarət kimi məsələləri lazımi vaxtda çatdıra bilmirik. Sifarişçi ilə rahat təmas yarada bilmirik. Bizim sektorda sifarişçi ilə birbaşa təmas yaratmaq önəmli faktordur. Çünki sifarişçinin tələblərini bilməliyik. Pandemiyanın yayılması ilə əlaqəli bu məsələdə çətinliyimiz yaranıb.

Digər tərəfdən, xarici ölkələrdən mal-material gətirilməsi ilə bağlı sərhəddə bir sıra ləngimələr yaranıb. Xaricdə zavodların fəaliyyətini dayandırması malların bura gətirilməsində fasilələr yaradıb. Çindən mal gətirilmədiyi üçün alternativ bazar kimi Avropa bazarı seçilib. Əvvəllər İtaliyadan metlax, sanitar qovşaq avadanlıqlarını kimi gətirmək 20 günə başa gəlirdisə, indi bu proses bir neçə ay vaxt aparır”.

Ç.Ağarzayev aparılan tikinti işlərinə nəzarət etməyə çətinlik çəkdiklərini bildirib:

“Tikintiyə nəzarət məsələsində də problemlər ortaya çıxıb. Biz daima tikinti işlərinə nəzarət etməliyik. Lakin pandemiyaya görə bu baş tutmur. Pandemiya dövründə tikinti sektoru fəaliyyətini davam etdirdi. Çünki biz 5-6  ay əvvəl layihələndirmə işlərini etmişdik. Lakin müəyyən düzəlişlər etməli olanda edə bilmirik".

Həmsöhbətimizin sözlərinə görə, onlara edilən sifarişlərin sayında 50% azalma var:

“Təbii ki, karantin dövründən əvvəl sifarişlərimiz daha çox idi. İndi insanlar hər hansı bir layihə sifarişi verməyə, hansısa sahəyə maliyyə yatırmağa ehtiyat edirlər. Hazırda biz köhnə layihələrimizi işləyirik. Pandemiyadan qabaqkı işlərimizi tamamlayırıq. Yeni sifarişlərin isə sayı təqribən 50% azalıb. Pandemiya dövründən əvvəl dövlət layihələri üçün də sifarişlər olurdu. Hazırda bu sifarişlər dayanıb. Pandemiyadan öncə gələcəkdə bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılırdı ki, hazırda onlar da dondurulub.

Qeyd etdiyim kimi, hazırda əlimizdə olan sifarişlər köhnədən aldıqlarımızdır. Təzə sifarişlər də var. Lakin pandemiya olmasa idi, biz bu işləri bir ay ərzində rahat şəkildə həll edərdik. İndiki şəraitdə isə bu sürətlə işləmək mümkün deyil. Çünki sifarişçi ilə rahat görüşə, əlaqələr qura bilmirik. Bu gün əlimizdə olan sifarişlərdən biri turizm sektoru üzrədir. Digər bir sifariş isə yaşayış kompleksi layihəsidir.

Bizim Rusiyadakı tikinti şirkətləri ilə də əməkdaşlığımız var. Lakin ora da vəziyyət eynidir. Xarici ölkələrlə əlaqələrimiz çətinləşib. Rusiyaya gedib orada tikinti işlərinə nəzarət edə bilmirik. Bu da işimizə zərbə vurur.

Təqribən bir il öncə bizdə xeyli otel layihələri olurdu. Pandemiya ilə əlaqədar turizm sektorunda işlər dayanıb. İnvestorlar turizmə yatırım etməyə risk etmir. Odur ki, bizim də bu istiqamətdə işlərimiz zəifləyib”.

Son xəbərlər

Orphus sistemi