Kustar yolla spirtli içki istehsal edənlərin evinə təkrar baxış keçirilib

Kustar yolla spirtli içki istehsal edənlərin evinə təkrar baxış keçirilib Saxta yolla istehsal olunmuş spirtli içkilərin insan sağlamlığına zərər vurması ilə bağlı aparılan maarifləndirmə işlərinə, həmçinin belə hallara qarşı mübarizə tədbirlərinə baxmayaraq, hələ də ölkə ərazisində kustar üsulla spirtli içki istehsalı halların
Biznes
29 Yanvar , 2021 16:42
Kustar yolla spirtli içki istehsal edənlərin evinə təkrar baxış keçirilib

Saxta yolla istehsal olunmuş spirtli içkilərin insan sağlamlığına zərər vurması ilə bağlı aparılan maarifləndirmə işlərinə, həmçinin belə hallara qarşı mübarizə tədbirlərinə baxmayaraq, hələ də ölkə ərazisində kustar üsulla spirtli içki istehsalı hallarına rast gəlinir.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu kimi hallarla bağlı müvafiq tədbirlərin görülməsi və qanunazidd əməllərin qarşısının alınması hüquq-mühafizə orqanları qarşısında duran əsas vəzifələrdəndir.

"Dövlət Vergi Xidməti ötən ilin iyun-iyul aylarında Cəfərov Xəlqani Əfqan oğlunun qeydiyyatda olduğu Bərdə şəhəri, Cavanşir küçəsi, ev 60 və Həsənov Tapdıq Qarakişi oğlunun qeydiyyatda olduğu Bərdə şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, ev 80 ünvanında yerləşən mənzillərinə məhkəmə qərarları əsasında baxış keçirib. Həmin nəzarət tədbirlərində X.Cəfərovun kustar üsulla spirtli içkilərin istehsalı ilə məşğul olması təsdiqini tapıb, həmçinin aparılan operativ tədbirlər nəticəsində eyni fəaliyyətlə məşğul olan T.Həsənovun da cinayət əməlləri ifşa olunub.

Qeyd olunan faktlar üzrə Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin ibtidai araşdırılması Baş İdarəsində toplanmış materiallar əsasında istintaq davam etdirilir. Lakin kustar üsulla spirtli içkilərin istehsalı faktları üzrə hər iki şəxs barəsində ilkin istintaqın aparılmasına baxmayaraq, onların vətəndaşların sağlamlığına zərər vuran qanunsuz fəaliyyəti davam etdirməsi ilə bağlı istintaqa yeni məlumatlar daxil olub. Bütün bunları nəzərə alaraq, 2021-ci ilin yanvar ayının 25-də həmin şəxslərin qeydiyyatda olduqları ünvanlarda nəzarət tədbirləri keçirilib. Tədbir zamanı X.Cəfərovun evində kustar üsulla hazırlanmış 10 ədəd aksiz markası ilə markalanmamış, 6 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içki, həmçinin 488 ədəd saxta aksiz markası və istifadə olunması nəzərdə tutulan 1 685 ədəd butulka aşkar olunub. T.Həsənovun evində keçirilmiş tədbir zamanı isə kustar üsulla hazırlanmış 27 ədəd aksiz markası ilə markalanmamış, 159 ədəd saxta aksiz markası ilə markalanmış, o cümlədən 3 ədəd xarici ölkənin aksiz markası ilə markalanmış alkoqollu içki, həmçinin 8 ədəd saxta aksiz markası, istifadə olunması nəzərdə tutulan 907 ədəd butulka aşkar olunub.

Aşkar edilmiş faktlar protokollaşdırılıb, Vergi cinayətlərinin ibtidai araşdırılması Baş İdarəsində istintaq materiallarına əlavə edilib.

Dövlət Vergi Xidməti vətəndaşlara bir daha müraciət edərək bildirir ki, saxta məhsulların istifadəsi insan orqanizmi üçün ciddi təhlükə yaradır və belə hallarla rastlaşdıqları, kustar üsulla spirtli içkilər hazırlayıb satan şəxslər barədə hər hansı məlumata malik olduqları təqdirdə, Dövlət Vergi Xidmətinin “195-1” Çağrı Mərkəzinə və yerli vergi orqanlarına məlumat verə bilərlər", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi