Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında əlaqələr çox yüksək sürətlə inkişaf edir, iki ölkənin biznesinin əməkdaşlıq potensialı böyükdür.
"Report" xəbər verir ki, bunu Bakıda "Dubayda daşınmaz əmlak inkişaf modeli" mövzusunda keçirilən tədbirdə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Rüfət Atakişiyev bildirib.
"Son 2-3 ildə iki ölkə arasında qarşılıqlı səfərlər olub. Biz BƏƏ-nin müxtəlif hökumət nümayəndələri ilə görüşmüşük, Dubayda komissiya iclasları keçirilib. Bundan başqa, Dubaydakı Ticarət Palatası ilə anlaşma memorandumu imzalamışıq. Hər il investisiya iclası keçirilir. Dubayda "Expo"da Azərbaycan Pavilyonu olub. Bu da bir növ biznes forumdur. Orada hər iki ölkədən sahibkarlar iştirak etdi. Biz ümid edirik ki, bu axırıncı bir tədbir olmayacaq. Nəzərə alaq ki, iki ölkə arasındakı coğrafi məsafə uzun deyil və birbaşa təyyarə reysləri də var. Bu məsələlər Azərbaycandan turistlərin BƏƏ-yə və eyni zamanda oradan bura səfər sayının artmasına səbəb olub", - o qeyd edib.