“Koronavirus pandemiyasının ən çox ziyan vurduğu sahə sahibkarlardır. Pandemiya sahibkarlara həm maddi, həm də mənəvi ziyan vurub. Buna baxmayaraq, Azərbaycan sahibkarı bu sınaqdan layiqli çıxıb”.
“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrinin müşaviri Zaur Qardaşov “Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020”-də bildirib.
Onun sözlərinə görə, sahibkarlar pandemiya dönəmində dövlətin yanında olublar: “Dövlət-özəl sektorun əməkdaşlığı indiyədək bu qədər işgüzar olmamışdı. KOBİA olaraq post-pandemiya dövründə aparacağımız fəaliyyətləri hər kəsdən daha ciddi anlayırıq. Bunun qarşısında bir sıra çağırışlar dayanır. İlk olaraq, Azərbaycan sahibkarlarını daha rəqabətqabiliyyətli etmək lazımdı ki, pandemiyanın növbəti zərbəsinə daha davamlı olsunlar. Azərbaycan sahibkarının rəqabətqabiliyyətliliyi həm də xarici bazarlara çıxışına imkan yarada bilər. Sahibkarlar hesabatlılıqla bağlı, xarici ticarətlə bağlı prosedurlara daha az vaxt sərf etməlidirlər. Eyni zamanda, biz işgüzar mühitimizi daha da yaxşılaşdırmalıyıq”.
Qeyd edək ki, forumun məqsədi koronavirus (COVID-19) pandemiyası şəraitində və post pandemiya dövründə sahibkarların motivasiya edilməsi və beynəlxalq təcrübənin öyrənilməsidir.
Onlayn foruma Türkiyə, Almaniya, Finlandiya, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Rusiya, Pakistan, İspaniya və s. kimi ölkələrdən iştirakçı və spiker qismində iş adamları qatılacaqlar.