KOBİA "kölgə iqtisadiyyatı"nda fəaliyyət göstərən sahibkarlara müraciət etdi

KOBİA "kölgə iqtisadiyyatı"nda fəaliyyət göstərən sahibkarlara müraciət etdi Kölgə iqtisadiyyatı bütövlükdə dünya iqtisadiyyatına xas olan problemdir və onun həlli beynəlxalq miqyasda mübarizə ilə xarakterizə edilir.
Biznes
13 Sentyabr , 2019 14:58
KOBİA kölgə iqtisadiyyatında fəaliyyət göstərən sahibkarlara müraciət etdi
KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov / Report / Elchin Murad

"Kölgə iqtisadiyyatı" bütövlükdə dünya iqtisadiyyatına xas olan problemdir və onun həlli beynəlxalq miqyasda mübarizə ilə xarakterizə edilir".

“Report”un məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün Bakıda keçirilən “Kölgə İqtisadiyyatına Qarşı Mübarizə - İqtisadi İnkişafın Mühüm Amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfransında bildirib.

Onun sözlərinə görə, eyni zamanda, bu da hamı tərəfindən qəbul edilir ki, inzibati tədbirlər bu problemin həllində tam effektiv vasitə kimi qiymətləndirilmir: “Bu qlobal problemin səmərəli həlli yolunun biznes mühitin effektivliyinin artırılmasından, "kölgə iqtisadiyyatı"na gətirib çıxaran səbəblərin aradan qaldırılmasına yönələn islahatlardan keçdiyi əksər ölkələr tərəfindən qəbul edilib”.

O qeyd edib ki, ölkəmizdə həyata keçirilən islahatlar "kölgə iqtisadiyyatı"nın miqyasının azalması ilə müşayət edilməkdədir: “Bu özünü, istər büdcə daxilolmalarının həcminin artımında, istər sahibkarlıq subyektlərinin sayının artımında göstərir. Lakin apardığımız təhlillər onu göstərir ki, bəzən aparılan iqtisadi islahatlar biznes dairələr tərəfindən tam həzm oluna bilmir və ya tam həcmdə ünvanına çatmır. Bunun səbəbləri sırasında məlumatsızlıq ilk yerdə dayanır və məhz "kölgə iqtisadiyyatı"nın mövcudluğunu şərtləndirən əsas amillərdən biri sahibkarların, xüsusilə mikro və kiçik biznes subyektlərinin məlumatlılıq səviyyəsinin aşağı olmasıdır. Hesab edirəm ki, bu çatışmazlığın aradan qaldırılması üçün müxtəlif platformalar üzərindən “dövlət-özəl” dialoqunu genişləndirmək zəruridir”.

O.Məmmədov bildirib ki, məlumdur ki, “dövlət-özəl dialoqunda” dövlətin məqsədi biznesin real vəziyyəti barədə düzgün informasiya almaq, özəl sektorun məqsədi isə dövlətin diqqətini öz problemlərinə cəlb etməklə biznes mühitinin münbitləşdirilməsinə nail olmaqdır: “Bu baxımdan hesab edirik ki, dövlət orqanlarının iqtisadi təmayüllü fəaliyyətinin bütün mərhələlərində ictimai iştirakın təmin olunması zəruridir”.

O təklif edib ki, dövlət-özəl dialoqunun həyata keçirilməsi mexanizmlərində müxtəlifliyi artırmaq, biznes dairələr üçün çoxsaylı alternativlər təqdim etmək mümkündür.

O, hələ də "kölgə iqtisadiyyatı"nda fəaliyyət göstərən sahibkarlara müraciət edib və onları normal qanuni müstəvidə fəaliyyətə dəvət edib: ”Bu keçid prosesinə tərəfimizdən hərtərəfli dəstək göstəriləcək”.

Orphus sistemi