KOBİA: Elektron ticarətlə bağlı maarifləndirmə tədbirlərinə zərurət var

KOBİA: Elektron ticarətlə bağlı maarifləndirmə tədbirlərinə zərurət var “Azərbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan bir sıra tədbirlərin icrası məqsədilə “2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” qəbul edilib. Bundan başqa, elektron ticarətin hüquqi və infrastruktur bazasını beynəlxalq tələblərə uyğunlaşdırmaq məqsədilə “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” portalı yaradılıb”.
Biznes
21 Oktyabr , 2019 12:05
KOBİA: Elektron ticarətlə bağlı maarifləndirmə tədbirlərinə zərurət var

“Azərbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan bir sıra tədbirlərin icrası məqsədilə “2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” qəbul edilib. Bundan başqa, elektron ticarətin hüquqi və infrastruktur bazasını beynəlxalq tələblərə uyğunlaşdırmaq məqsədilə “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” portalı yaradılıb”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov 2-ci Bakı Elektron Ticarət Forumunda deyib.

Onun sözlərinə görə, bütün bunlar, nağdsız ödəniş mühitinin genişləndirilməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi istiqamətində mühüm hüquqi zəmin formalaşdırıb: “Hesab edirik ki, elektron ticarətin inkişafı üçün üç tərəf – vətəndaş - biznes subyektləri və dövlət strukturları birgə məsuliyyət daşıyır. Vətəndaşın əsas məsuliyyəti rəqəmsal biliklərə yiyələnmək, ödənişləri elektron qaydada həyata keçirməkdən ibarətdirsə, sahibkarlar istehsal və ya ixrac etdiyi malların onlayn satışını təşkil etməklə əhalinin prosesə marağını artıra bilər. Dövlət isə tənzimləmə sahəsində addımlar atmaqla bu sahədə olan ekosistemin effektivliyini artıra, eləcə də elektron ticarəti təşviq edə bilər. Bir sözlə, iqtisadi subyektlər arasında nağdsız dövriyyənin artması və əhalidə nağdsız ödəniş vərdişlərinin formalaşması elektron ticarətin böyüməsi üçün əsas amillər rolunda çıxış edir”.

O.Məmmədov qeyd edib ki, 2017-ci ildə yaradılmış KOBİA-nın əsas vəzifəsi məhz ölkədə startap, mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsidir. Bu baxımdan, Agentlik biznes mühitinin əlverişliliyinin artırılması, tənzimləmə sisteminin səmərəliliyinin yüksəldilməsi, çoxsaylı dəstək tədbirlərinin ünvanlılığının və onlara sahibkarların maneəsiz və rahat çıxışının təmin edilməsi kimi geniş və çoxşaxəli fəaliyyət gündəliyinə malikdir.

“Ticarət əməliyyatlarında, o cümlədən pərakəndə satışlarda elektron ticarətin payının artırılması üçün geniş potensialın mövcudluğunu, eləcə də bu prosesdə mikro, kiçik və orta sahibkarların daha çevik addımlar atmaq imkanına sahib olduğunu nəzərə alaraq, hesab edirik ki, geniş maarifləndirmə tədbirlərinə zərurət var və biz Agentlik olaraq bu prosesdə aktiv iştirak etməyə və irəli sürülücək təşəbbüsləri dəstəkləməyə hazırıq”, - deyə o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi