Kiyevdə SOCAR-ın YDM-ində məşhur ABŞ mətbəx brendinin açılışı olub

Kiyevdə SOCAR-ın YDM-ində məşhur ABŞ mətbəx brendinin açılışı olub SOCAR Ukraynada sosial- mədəni layihələrə 6 milyon ABŞ dollarından çox yatırım edib
Biznes
15 İyul , 2021 10:03
Kiyevdə SOCAR-ın YDM-ində məşhur ABŞ mətbəx brendinin açılışı olub

Kiyevdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkətinin yanacaqdoldurma məntəqələrinin (YDM) birində ABŞ-ın dünyaca məşhur “Nathans famous” mətbəx brendinin açılışı olub.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, mərasimdə şirkət rəhbəri Elçin Məmmədov, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, ABŞ Dövlət katibinin köməkçisinin müavini Georgi Kent, ABŞ-Ukrayna Ticarət Palatasının prezidenti Endi Hunder, “Nathans famous”un vitse-prezidenti Ceyms Volker və digər qonaqlar iştirak ediblər.

Açılışda C. Kent çıxış edərək ölkəsinə məxsus brendin dünya ölkələri üzrə fəliyyətindən danışıb. O, Ukraynanın da artıq bu ölkələr sırasına qoşulduğunu qeyd edərək bildirib ki, brendin SOCAR-a məxsus YDM-də açılması ona əsaslanır ki, artıq bu Azərbaycan brendi dünyaca məşhurdur və insanların mütəmadi olaraq daha çox ziyarət etdiyi məkandır. Diplomat qeyd edib ki, SOCAR həyata keçirdiyi layihələrlə dünyada kifayət qədər rəğbət qazanıb.

Elmira Axundova isə çıxışında bildirib ki, belə bir brendin SOCAR-da açılması əhəmiyyətli hadisədir:

“Biz bilirik ki, dünyaca məşhur bu brend restoranlar şəbəkəsinə malikdir. Mənə bildirildi ki, SOCAR-ın Ukraynada 6 məntəqəsində bu brend fəaliyyətə başlayıb və ölkə üzrə mövcud bütün 57 məntəqədə fəaliyyət göstərəcək. Bu mənada SOCAR qida mədəniyyətinin inkişafına, ukraynalıların bu məşhur mətbəxlə tanışlığına investisiya qoymuş olur. Ümumiyyətlə, Azərbaycan daim dünyada tanınmış brendlərlə yüksək səviyyədə maraqlanıb. Hələ vaxtı ilə “McDonalds” Azərbaycanda fəaliyyətə başlayan zaman açılışında o vaxtkı Prezidentimiz, Ulu Öndərimiz Heydər Əliyev şəxsən iştirak edib”, - deyə, səfir əlavə edib.

E. Axundova bildirib ki, “SOCAR Energy Ukraine” qısa müddətdə - 10 ildir fəaliyyətə başlamasına baxmayaraq ölkədə çoxmilyonluq sərmayə qoyuluşuna malik olub:

“Sosial- mədəni layihələrə 6 milyon ABŞ dollarından çox yatırım edən şirkətin maliyyə dəstəyi ilə Kiyevdə Ulu öndərimiz Heydər Əliyevin adına, İrpen şəhərində akademik Zərifə xanım Əliyevanın adına parkın salınmasına, Lvov şəhərində Opera Teatrının qarşısında meydan və fəvvarənin rekonstruksiya olunmasına nail olunub. Şirkət tərəfindən həyata keçirilən layihələr Ukraynanın infrastrukturunun və iki ölkə münasibətlərinin inkişafında müstəsna rol oynayır. Təkcə 2020-ci ildə şirkət Ukrayna büdcəsinə 1,5 milyard qriven vergi ödəyib”, - vurğulayan səfir, şirkətdə yeni açılan brendin fəaliyyətinə uğurlar arzulayıb.

Tədbir iştirakçıların çıxışından sonra bədii hissə ilə davam edib. İştirakçılar “SOCAR Energy Ukraine” məxsus məntəqənin fəaliyyəti ilə də tanış olublar.

Son xəbərlər

Orphus sistemi