Rusiya-Ukrayna müharibəsi Avropada enerji məhsullarını kəskin bahalaşdırıb, bu isə ən çox kiçik və orta biznes (KOB) subyektlərinə təsir göstərir.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı üzrə Dövlət Agentliyinin (KOBİA), eləcə də Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) təşkilatçılığı ilə Bakıda “KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusunda keçirilən İNSME-nin 18-ci illik toplantısında İtaliyanın Kiçik və Orta Müəssisələr üzrə Konfederasiyasının rəhbəri Kristin Comisa deyib.
“İtaliyada enerji məhsullarının qiyməti 5 dəfə artıb və hesab edirik ki, bahalaşma davam edəcək. Ümumiyyətlə son iki il ərzində bir sıra problemlər yaşayırıq. Ölkəmizdə illik inflyasiya 11,8 %-ə çatıb. Belə şəraitdə kiçik və orta biznesin əhəmiyyətinin artdığını görürük.
İtaliyada şirkətlərin 95 %-i 10-dan az işçiyə malikdir. Lakin bizim şirkətlərdə bir çox fürsətlər var. Ən vacib məsələlərdən biri kiçik və orta müəssisələrin dayanıqlığı, birbaşa fəaliyyətə keçmək niyyətini nümayiş etdirməlidirlər”, - deyə o qeyd edib.