İçərişəhərdə "KOB Fest" sərgi-satış yarmarkası keçirilir

İçərişəhərdə "KOB Fest" sərgi-satış yarmarkası keçirilir Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə İçərişəhərdə “KOB Fest” – sərgi-satış yarmarkası öz işinə başlayıb.
Biznes
159
25 Aprel , 2022 13:53
İçərişəhərdə KOB Fest sərgi-satış yarmarkası keçirilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə İçərişəhərdə “KOB Fest” – sərgi-satış yarmarkası öz işinə başlayıb.

"Report" xəbər verir ki, yarmarkanın məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına təqdim edilməsi və satışına dəstək olmaq, eləcə də yerli məhsulların tanıdılmasıdır.

“Sahibkarlar Günü”nə həsr olunmuş yarmarkada mikro və kiçik sahibkarlıq subyektlərinin qida və qeyri-qida məhsulları, göstərdikləri xidmətlər, sənətkarların və yaradıcı şəxslərin əl işləri, ümumilikdə 100-ə yaxın KOB subyektinin 1 000-dən çox çeşiddə məhsulları nümayiş olunur. Tədbirdə həmçinin, sahibkarlar arasında “B2B” görüşlər keçirilir, biznes xidmətləri göstərilir, ebru sənətinin, qum üzərində rəsm sənətinin və s. dekorativ tətbiqi sənət növlərinin KOB subyektləri tərəfindən master-klassları, eləcə də mədəni-əyləncəli proqram təqdim olunur.

Festivalın açılışında çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “KOB Fest”in mikro və kiçik sahibkarların satış imkanlarının genişləndirilməsində və yerli məhsulların tanıdılmasında əhəmiyyətini qeyd ediblər.

"İçərişəhərdə təşkil etdiyimiz sərgi-satış yarmarkasında 80-ə yaxın kiçik-orta sahibkarlıq subyekti təmsil olunub. Hesab edirəm ki, bu, onlar üçün gözəl platformadır. Öz mallarını təqdim edə bilirlər. İçərişəhər paytaxtın qonaqlarının ən sevimli məkanlarındandır, asudə vaxtlarda özümüz də burada oluruq, ona görə də məhz bu məkanda belə bir sərginin təşkil edilməsi sahibkarlar üçün əlavə bir stimuldur. Bundan sonra da dövlətin dəstəyi ilə belə festivallar keçiriləcək", - Orxan Məmmədov bildirib.

Qeyd edək ki, "KOB Fest" sərgi-satış yarmarkası aprelin 26-dək hər gün saat 10.00-dan 20.30-dək açıq olacaqdır.

Son xəbərlər

Orphus sistemi