İstanbul. 17 fevral. REPORT.AZ/ Bu gün İstanbulda (Türkiyə) İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) təşkilatçılığı ilə V Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçirilir.
“Report”un Türkiyə bürosu xəbər verir ki, forumda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Türkiyənin iqtisadiyyat nazirinin müavini Fatih Metin, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Gaxaria və digər rəsmi şəxslər, iş adamları iştirak edir.
F.Metin çıxışında üç dost ölkənin rəsmilərinin bu forum çərçivəsində bir yerə yığışmasının çox əhəmiyyətli olduğunu bildirib: “Azərbaycanın zəngin enerji qaynaqlarını və Gürcüstanın zəngin sərvətlərini bir yerə toplayaraq üç qardaş və dost ölkənin hərtərəfli inkişafına təkan verməyi qarşımıza əsas hədəf qoymuşuq”.
Ş.Mustafayev isə çıxışında Azərbaycanın dövlət başçısının keçirilən foruma çox əhəmiyət veridiyini vurğulayıb: “Biz hər zaman Türkiyənin yanındayıq. 15 iyul hasisələrində də ürəyimiz Türkiyə ilə döyündü və qardaş ölkənin bu hadisəni uğurla dəf etməsinə sevindik. 20 il bundan əvvəl çoxları inanmırdı ki, Xəzər dənizini Aralıq dənizi ilə birləşdirə biləcəyik. Bu gün biz birlikdə Bakı-Tbilisi-Qars dəmiryolu xətti çəkirik. Bu layihələr nəticəsində Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana dəmiryolu xətti çəkilir. Uğurlu layihələrimiz var və bu işləri mükəmməl şəkildə davam etdiririk. Ermənistanın bu kimi İqtisadi forumlarda iştirak etməməsi onu göstərir ki, o işğalçılıq siyasətinə son verənə qədər adı heç bir yerdə olmayacaq. Nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır, işğalçı ölkənin adı bu kimi forumlarda hallanmayacaq".
Türkiyə ilə iqtisadi əlaqələrdən danışan Ş.Mustafayev qeyd edib ki, hazırda Azərbaycanda Türkiyə sərmayələri əsasında 3 minə yaxın, Türkiyədə isə Azərbaycan investisiyalı 2 minə yaxın şirkət fəaliyyət göstərir: “Türkiyənin Azərbaycana investisiyaları 11 mlrd. ABŞ dolları, Azərbaycan şirkətlərinin Türkiyəyə investisiyaları isə 9 mlrd. ABŞ dollarıdır. Təkcə, SOCAR-ın Türkiyəyə investisiyalarının həcmi 2020-ci ilədək 17 mlrd. dollara çatacaq. Türkiyə Azərbaycanın xarici ticarət dövriyyəsində 1-ci yeri tutur. Gürcüstanda Azərbaycan sərmayələri əsasında 200-dən çox şirkət, Azərbaycanda isə 270-dən artıq gürcü şirkəti fəaliyyət göstərir. Gürcüstan Azərbaycanın ən çox investisiya yatırdığı 2-ci ölkədir. İndiyədək Azərbaycan Gürcüstana 3,4 mlrd. ABŞ dolları investisiya qoyub. 2012-2016-cı illərdə ölkəmiz Gürcüstana ən çox investisiya yatıran ölkə olub. Gürcüstan isə Azərbaycanın qeyri-neft sektoruna 76 mln. ABŞ dolları investisiya yatırıb”.
Biznes forum çərçivəsində Azərbaycan nümayəndə heyəti ikitərəfli və üçtərəfli görüşlər keçirib. Üçtərəfli formatda keçirilən görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadi əməkdaşlığının inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər iqtisadi məsələlər müzakirə edilib.
Eyni zamanda Ş.Mustafayev və Türkiyənin Elm, Sənaye və Texnologiyalar naziri Faruk Özlü arasında görüş keçirilib.
Daha sonra nazirin Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Giorgi Gaxaria ilə görüşündə iki ölkə arasında iqtisadi-ticarət əlaqələri, nəqliyyat, energetika, turizm, İKT, kənd təsərrüfatı, investisiya sahələrində əməkdaşlıq, Azərbaycanda yaradılan sənaye parklarında Gürcüstan şirkətlərinin iştirakı və digər məsələlərə dair müzakirələr aparılıb.
Qeyd edək ki, tədbirdə Azərbaycan rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 50-ə yaxın iş adamı ilə təmsil olunub. Ümumilikdə isə, biznes forumda hər üç ölkədən 250-dən çox iş adamı iştirak edib.