İqtisadiyyat Nazirliyində müşavirə keçirilib

İqtisadiyyat Nazirliyində müşavirə keçirilib Şahin Mustafayev: "Azərbaycan iqtisadiyyatının dayanıqlılığı təmin olunub"
Biznes
24 Aprel , 2017 17:24
İqtisadiyyat Nazirliyində müşavirə keçirilib

Bakı. 24 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin struktur bölmələri və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Müşavirədə iqtisadiyyat naziri Şahin Mustafayev Nazirlər Kabinetinin iclasında və qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlət başçısı tərəfindən verilən tapşırıqların icrasının iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, istehsal və ixrac potensialının genişləndirilməsi və s. kimi strateji məsələlərdə mühüm əhəmiyyətini vurğulayıb. 

Nazir 2017-ci ilin birinci rübünün yekunlarının dövlət başçısı tərəfindən müsbət qiymətləndirildiyini diqqətə çatdıraraq, qeyd edib ki, dünya iqtisadiyyatında davam edən neqativ proseslərdən qaynaqlanan amillərin iqtisadiyyata təsirini neytrallaşdırmaq, ölkənin davamlı inkişafını təmin etmək məqsədilə dövlət başçısının rəhbərliyi ilə hərtərəfli islahatlar həyata keçirilir: “Bu islahatların əsas istiqaməti məhz qeyri-neft sektorunun inkişafıdır və islahatların uğurlu icrası sayəsində bu sahədə ciddi dönüş əldə edilib, Azərbaycan iqtisadiyyatının dayanıqlılığı təmin olunub”.

Ş.Mustafayev bildirib ki, bu ilin I rübündə 40 mindən çoxu özəl sektor nümayəndəsi tərəfindən 85 min yeni iş yeri yaradılıb: “Hazırda özünüməşğulluq səviyyəsinin yüksəldilməsi üçün İqtisadiyyat Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə təkliflər hazırlayır. Eyni zamanda ölkəmizdə Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Qaradağ Sənaye parkları fəaliyyət göstərir. Mingəçevir və Pirallahı sənaye parklarının təşkili istiqamətində işlər aparılır. Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən ayaqqabı, tibbi kosmetika, iplik, boyama, toxuma, tikiş və corab istehsalı üzrə 9 fabrikin yaradılması ilə 150-200 mln. dollar investisiya qoyuluşu və 5 500-dən çox yeni iş yerinin açılması gözlənilir. Parkda yaradılacaq müəssisələr üçün xammal bazası, o cümlədən pambıq mahlıcı yerli məhsullar hesabına təmin ediləcək. Neftçala Sənaye Zonasında 2 müəssisə artıq fəaliyyətə başlayıb, 3 müəssisənin isə bu il fəaliyyətə başlaması nəzərdə tutulur. Masallı Sənaye Zonasının yaradılması istiqamətində müvafiq torpaq sahəsi ayrılıb, layihələndirmə işləri tamamlanıb. Sənaye zonasına sahibkarlar tərəfindən böyük maraq göstərilir və artıq onlar tərəfindən dəyəri 33 mln. manatdan çox olan 33 layihə təqdim olunub”.

“İndiyədək sahibkarlar tərəfindən verilən 140-a yaxın investisiya təşviqi sənədi üzrə 1,2 mlrd. manatlıq investisiya qoyuluşu və 8 min iş yerinin açılması nəzərdə tutulur. Artıq investisiya təşviqi sənədi verilmiş 45 layihə reallaşdırılıb. Bu ildə Rusiya, ABŞ və digər ölkələrə ixrac missiyaları təşkil olunacaq, “World Food Moscow”, “Anuga”, “Honq-Konq Beynəlxalq Şərab və Spirtli İçkilər” sərgilərində Azərbaycan məhsullarının vahid ölkə stendində nümayiş olunması təmin ediləcək”, - deyə nazir əlavə edib.

Ş.Mustafayev qeyd edib ki, hazırda İran ərazisində Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə dair müzakirələr aparılır: “Bu layihənin icrasından sonra Fars körfəzindən Rusiyaya, eləcə də Şərqi və Şimali Avropa ölkələrinə yüklərin daşınması daha səmərəli olacaq. Şimal-Cənub dəhlizinin Azərbaycandan keçməklə infrastukturu tam təmin olunacaq".

Son xəbərlər

Orphus sistemi