USAID Azərbaycan hökuməti və işgüzar dairələrlə əməkdaşlıqda maraqlıdır

USAID Azərbaycan hökuməti və işgüzar dairələrlə əməkdaşlıqda maraqlıdır ABŞ-ın Çikaqo şəhərində birinci İllinoys-Azərbaycan kənd təsərrüfatı forumu keçirilib.
Biznes
5 aprel 2019 13:03
USAID Azərbaycan hökuməti və işgüzar dairələrlə əməkdaşlıqda maraqlıdır

ABŞ-ın Çikaqo şəhərində birinci İllinoys-Azərbaycan kənd təsərrüfatı forumu keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən “Report”a verilən məlumata görə, forumun məqsədi həm Azərbaycanda, həm də ABŞ-ın nəhəng kənd təsərrüfatı ştatlarından olan İllinoys ştatında fəaliyyət göstərən kənd təsərrüfatı üzrə sahibkarları bir araya gətirməklə tərəflər arasında aqrar sahədə əməkdaşlığın yaradılması, məhsuldarlığın artırılması ilə bağlı ABŞ istehsalı olan texnologiyalarla, eləcə də kənd təsərrüfatının müxtəlif sahələrində tətbiq edilən yeni metodlarla tanışlıqdır.

Forum Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi, ölkəmizin ABŞ-dakı səfirliyi, Birləşmiş Ştatların Bakıdakı səfirliyi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), İllinoys ştatının Kənd Təsərrüfatı Departamenti, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham), Avropa Yenidənqurma və İnkişaf Bankı, CNFA, “Global Chamber”, “John Deere” və “Dentons” şirkətlərinin tərəfdaşlığı və “BrandBuild” şirkətinin media tərəfdaşlığı ilə təşkil olunub.

Tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi və aparıcı kənd təsərrüfatı şirkətlərinin və aqrar tədqiqat qurumlarının daxil olduğu geniştərkibli nümayəndə heyəti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və ABŞ-ın aparıcı kənd təsərrüfatı şirkətləri, beynəlxalq maliyyə institutları və müvafiq akademik dairələrin təmsilçiləri iştirak ediblər.

ABŞ-Azərbaycan Ticarət Palatasının sədri Reza Vəziri iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün gözəl imkanlar olduğunu vurğulayıb.

İllinoys Ticarət Palatasının icraçı direktoru Laura Orteqa ştatın iqtisadi imkanlarından və kənd təsərrüfatı sahəsində müqayisəli üstünlüklərindən danışıb, azərbaycanlı sahibkarları kənd təsərrüfatı sahəsində İllinoysla sıx əməkdaşlığa dəvət edib.

İ.Kərimov ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlardan danışaraq, kənd təsərrüfatının qeyri-neft sektorunun inkişafında böyük rola malik olduğunu qeyd edib. Nazir aqrar sahənin inkişafının ölkəmizdə prioritet olduğunu diqqətə çatdırıb.

Ölkəmizdə kənd təsərrüfatının inkişafı üzrə Strateji Yol Xəritəsinin qəbul olunduğunu bildirən nazir aqrar sahənin inkişafının qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olduğunu vurğulayıb. O, ABŞ tərəfi ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın böyük potensiala malik olduğunu bildirərək, forumda iştirak edən şirkətlər üçün əlavə imkanlar yaradacağını deyib.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin administratorunun müavini Brok Bierman USAID-in Azərbaycandakı fəaliyyətindən danışaraq, Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsindən söz açıb. USAID-in kənd təsərrüfatı sahəsində yeni tərəfdaşlıqlar üçün Azərbaycan hökuməti və işgüzar dairələrlə əməkdaşlığa hazır olduqlarını bildirib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ölkəmizin bir sıra kənd təsərrüfatı məhsulları istehsalı üzrə dünyada aparıcı rola malik olduğunu bildirərək, aqrar sahədə xarici sərmayələr üçün yaradılmış əlverişli şərtlərdən bəhs edib və ABŞ şirkətlərini ölkəmizin bu sektoruna sərmayə yatırmağa dəvət edib.

Forum çərçivəsində ABŞ və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı ticarət və investisiyaların təşviqi perspektivləri, mövcud çətinliklər müzakirə edilib. Beynəlxalq ticarət mütəxəssisi və Vaşinqtonda fəaliyyət göstərən “WCC International” şirkətinin rəhbəri Elşən Baloğlanovun moderatorluğu ilə keçən paneldə çıxış edən Dünya Bankının kənd təsərrüfatı üzrə baş iqtisadçısı Bexzod Şəmsiyev, ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova, ABŞ-ın EXİM Bankının icraçı direktorunun müavini Yan Blaho, USAID-in Azərbaycanda kənd təsərrüfatı üzrə mütəxəssisi Corc Melton potensial imkanlar barədə danışıblar.

Növbəti sessiyalar çərçivəsində ABŞ aparıcı kənd təsərrüfatı şirkətləri – “John Deer”, “Lindsay Corporation” və digərləri öz qabaqcıl təcrübələri və texnologiyaları barədə təqdimatlar edib, Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətini bildiriblər.

Forum çərçivəsində İ.Kərimov USAID-in administratorunun müavini Brok Bierman və kənd təsərrüfatı inkişafı sahəsində ixtisaslaşmış CNFA təşkilatının rəhbərliyi ilə ikitərəfli görüşlər keçirib.

Son xəbərlər

Orphus sistemi