“Hicaz" adlı sosiskada insan sağlamlığına təhlükəli mikroorqanizmlərin normadan çox olduğu üzə çıxıb

“Hicaz" adlı sosiskada insan sağlamlığına təhlükəli mikroorqanizmlərin normadan çox olduğu üzə çıxıb Bununla bağlı istehsalçıya göstəriş verilib
Biznes
31 İyul , 2017 15:22
“Hicaz adlı sosiskada insan sağlamlığına təhlükəli mikroorqanizmlərin normadan çox olduğu üzə çıxıb

Bakı. 31 iyul. REPORT.AZ/ İstehlak bazarında keyfiyyətsiz malların satışının qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyinin həyata keçirdiyi tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan malların ilkin laborator müayinəsi zamanı “Hicaz 313” MMC tərəfindən istehsal olunan ət məhsullarının tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.

"Report" xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, bu pozuntuların daha çox istehsal mənşəli olduğu nəzərə alınaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq İqtisadiyyat və Səhiyyə nazirliklərinin nümayəndələri “Hicaz 313”ə məxsus istehsalat sahəsində birgə nəzarət tədbirləri həyata keçirib, məhsulların müayinəsi üçün nümunələr götürüb.

Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində “Hicaz” adlı mal və toyuq ətindən əla növ sosiskada nişastanın kütlə payının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu aşkar edilib. Qanun pozuntularına təkrar yol verilməməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi barədə şirkətə göstəriş verilib.

İstehlak bazarında nəzarət tədbirləri davam etdirilir. İqtisadiyyat və Səhiyyə nazirlikləri bir daha sahibkarlıq subyektlərinə ərzaq məhsullarının istehsalı prosesində normativ texniki tələblərə, sanitariya norma və qaydalarına ciddi əməl edilməsini, məhsulların keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun olmasını təmin etməyi tövsiyə edib. Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkarlıq subyektləri barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.

Son xəbərlər

Orphus sistemi