Hesablama Palatasının ötənilki fəaliyyətinə dair hesabat müzakirə olunub

Hesablama Palatasının ötənilki fəaliyyətinə dair hesabat müzakirə olunub Qurumun geniş tərkibdə Kollegiya iclası keçirilib
Biznes
2 Aprel , 2021 10:46
Hesablama Palatasının ötənilki fəaliyyətinə dair hesabat müzakirə olunub
Vüqar Gülməmmədov

Hesablama Palatasının yeni üzvlərinin, şöbə və bölmə rəhbərlərinin iştirakı ilə koronavirus (COVID-19) pandemiyası dövrünün müvafiq qaydalarının tələblərinə riayət edilməklə geniş tərkibdə Kollegiya iclası keçirilib.

Bu barədə “Report”a Palatadan bildirilib.

Məlumata görə, iclasda qurumun sədri Vüqar Gülməmmədov qeyd edib ki, Hesablama Palatası hər zaman Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Bu gün Palatada yetişib püxtələşmiş gənc kadrların doğma təşkilatda yüksək vəzifəyə layiq görülməsi xüsusilə diqqətəlayiqdir, quruma göstərilən etimadın nəticəsi kimi dəyərləndirilir.

Sonra Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında Hesabat müzakirə olunub. Qeyd edilib ki, sənəd “Hesablama Palatası haqqında” qanunun 7.0.11-ci, 14.0.12-ci və 37-ci maddələrinə və “Hesablama Palatasının illik fəaliyyəti barədə hesabatın hazırlanması, baxılması və təsdiq olunması Qaydaları”na uyğun tərtib edilib, AAO-ların Beynəlxalq Təşkilatı olan INTOSAI tərəfindən qəbul olunmuş beynəlxalq standartların tələbləri nəzərə alınıb.

Keyfiyyətcə bir sıra yeniliklər edilmiş Hesabatda hesabatlılıq və şəffaflığın gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər, o cümlədən Palatanın təqdim etdiyi təkliflərlə bağlı müvafiq orqanların münasibəti, korrupsiyaya qarşı mübarizə istiqamətində görülmüş işlər üzrə geniş məlumatlar əks olunub, qurumun 2021-2025-ci illər üzrə Strateji Planı ayrıca təqdim edilib.

V.Gülməmmədov Hesablama Palatasının illik çıxış sənədləri sırasında mühüm əhəmiyyətə malik olan Hesabatın, Strateji Planın, eləcə də, metodoloji sənədlərin dərindən öyrənilməsini, Palatanın fəaliyyətində güclü və zəif cəhətlərin müəyyən edilməsi üçün təkliflər verilməsini, Palatada beynəlxalq standartlar üzrə təlim keçmiş daha bilikli, İT texnologiyalarını dərindən bilən peşəkar kadrlara həmişə yer olduğunu, eyni zamanda beynəlxalq sertifikatların alınmasının şərt kimi irəli sürüldüyünü bildirib.

Müzakirələrin sonunda hesabatın Milli Məclisə təqdim edilməsi ilə bağlı Kollegiya Qərarı qəbul olunub.

Kollegiyada, həmçinin 2021-ci il üzrə İş planına uyğun olaraq kənar dövlət maliyyə nəzarəti tədbirlərinin proqramları müzakirə olunaraq təsdiq olunub.

Son xəbərlər

Orphus sistemi