"Caspian European Club" Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzenin və Batumi şəhərinin meri Laşa Komaxidzenin fəxri qonaq qismində iştirakı ilə növbəti "CEO Brunch Baku" təşkil edib.
“Report” bu barədə "Caspian European Club"a istinadən xəbər verir.
Məlumata görə, Gürcüstanın səfiri "CEO Brunch Baku" iştirakçılarını salamlayaraq Gürcüstan və Azərbaycanın həyata keçirdiyi çoxsaylı birgə layihələr barədə danışıb.
“Gürcüstanda baş investorun məhz Azərbaycan olması bizim üçün çox xoşdur. Gürcüstan ərazisində çox sayda Azərbaycan şirkətləri fəaliyyət göstərir və biz Gürcüstan şirkətlərinin də Azərbaycan bazarında təmsil olunmasını istərdik”, - o bildirib.

Batumi barədə danışan səfir Acarıstanda yaradılmış turizmin inkişafı üçün olduqca cəlbedici şərtlərin olduğunu qeyd edib. Diplomat Bakı ilə Batumi arasındakı tarixi əlaqələri vurğulayıb və "CEO Brunch Baku" iştirakçılarına Nobel qardaşlarının ilk nefti Batumi limanı vasitəsilə nəql etdiklərini xatırladıb.
Batumi şəhərinin meri investisiya imkanlarının geniş təqdimatını keçirib və Batuminin yeni inkişaf strategiyası haqqında danışıb. Batumini bütün mövsümlərdə kurort zonaya çevirən Acarıstanda qış turizmi üçün imkanlar barədə məlumat da iştirakçıların diqqətinə çatdırılıb. Baş plan əsasında yaradılmış həmin layihənin regionda ilk xizək kurortu olduğu, bunun isə öz növbəsində turistlərə yarımçıq infrastrukturdan narahat olmadan tam istirahət mühitinə köklənmələrinə imkan verdiyi vurğulanıb.
“CEO Brunch Baku çərçivəsində Caspian European Club-un üzv şirkətlərinin top-menecer və nümayəndələri onları maraqlandıran suallar ünvanlamaq və Gürcüstanda, xüsusilə Batumidə biznes layihələr həyata keçirmək imkanlarını müzakirə etmək fürsəti əldə ediblər.
"CEO Brunch Baku"nın sonunda şirkətlər ikitərəfli formatda Batuminin meri ilə ünsiyyət qurmaq imkanından yararlanıblar”, - "Caspian European Club" Baş icraçı direktoru Telman Əliyev söyləyib.

CEO Brunch (gec səhər yeməyi) formatı şirkətlərə qeyri-rəsmi şəraitdə bir-birləri ilə ünsiyyət yaratmağa və tərəfdaşlarını daha yaxından tanımağa imkan verir. CEO Brunch Bakı ilə yanaşı, hər ay Tbilisi və Almatıda da təşkil olunur.
Xatırladaq ki, sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian European Club" 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. "Caspian European Club"un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndələri, ABŞ, Almaniya, Polşa, Çexiya, Özbəkistan və Latviyada səlahiyyətli nümayəndələri var.



