Günbəzli evlər artıq Azərbaycanda da yayılır?

Günbəzli evlər artıq Azərbaycanda da yayılır? Son vaxtlar dünyada konstruksiya evlərdən istifdə geniş yayılıb. Belə evlərdən biri də “İqlu” (IGLOO) adlanan, geodezik günbəz formasında qurulan konstruksiya evlərdir. Bunlara günbəz çadırlar da deyilir. Artıq Azərbaycanda da müştərilərə günbəz formasınd
Biznes
12 Avqust , 2022 17:10
Günbəzli evlər artıq Azərbaycanda da yayılır?

Son vaxtlar dünyada konstruksiya evlərdən istifdə geniş yayılıb. Belə evlərdən biri də “İqlu” (IGLOO) adlanan, geodezik günbəz formasında qurulan konstruksiya evlərdir. Bunlara günbəz çadırlar da deyilir. Artıq Azərbaycanda da müştərilərə günbəz formasında konstruksiya evlər təklif edən şirkətlər formalaşır.

Belə şirkətlərdən birinin rəhbəri Tural Hüseynov “Report”a açıqlamasında günbəz konstruksiyaların Azərbaycanda iki ildir ki, yayılmağa başladığını bildirib:

“Belə evlər Azərbaycanda bir çox xarici ölkələrdən daha tez yayıldı. İlk dəfə günbəz çadırlar 1927-ci ildə Almaniyada istixana məqsədilə yaradılıb. Əvvəllər bu çadırların yaşayış təyinatı olmayıb. Belə çadırları yaradıblar ki, onun içində hava temperaturunu tənzimləyib soyuq yerlərdə istifadə etsinlər. Sonra bu çadırlardan kempinq və qlampinq çadırları kimi istifadə edilib.

Günbəz konstruksiyaların bağ, besetka üçün olan növləri ilə yanaşı, ev kimi istifadə edilən formaları da var. Evi yetərincə izolyasiya etsəz qış aylarında asanlıqla qızacaq. Bu cür evlər qalvanik dəmirlərlə hazırlana bilər ki, qış aylarında küləyin sürətinə, qarın yüklülüyünə davam gətirə bilsin. Hazırda Azərbaycanda əsasən balaca günbəz konstruksiyalar sifariş verilir. Bəzi restoran və hotellər bizdən belə konstruksiyalar alıb. Ev kimi də maraq göstərən çoxdur. Artıq sifarişlərimiz də var. Bu tip evlərin mövsümü adətən sentyabrda başlayır. Düşünürəm ki, bu ilin sonuna qədər sifariş çox olacaq”.

O, bildirib ki, restoran və hotellər üçün satılan günbəz konstruksiyaların bir kvadrat metrinin qiyməti 210 manatdan 900 manata qədər dəyişir:

“Ev kimi istifadə edilənlərin isə bir kvadrat metrinin qiyməti 310-320 manatdır. Qiymətlər materiala görə dəyişir. Üzəri şüşədən olan həyət besetkası üçün nəzərdə tutulan konstruksiyaların qiyməti bahadır. Çünki həmin şüşə baha qiymətə satılır. Onun bir kvadrat metrinin qiyməti 3 500 manata qədər ola bilir. Şüşənin keyfiyyətinə, qalınlığına və istifadə edilən dəmirin növünə görə də qiymətlər dəyişir. Konstruksiyanı taxtadan və dördbucaq dəmirdən də hazırlamaq olar. Üzəri isə adətən şüşədən deyil, PVC materialından olur. Bu materialı dartanda şüşəyə bənzəyir. Amma konstruksiyanın üstünü şüşədən də etmək olar. Eyni zamanda içərinin görünməməsi üçün də xüsusi şüşələrdən istifadə etmək olar. Evin döşəməsi isə taxtadan və ya betondan olur. Günbəz konstruksiyalar yerə bərkidilir və onu söküb istədiyiniz yerə aparmaq mümkündür. Belə evlərin içində həm istilik, həm də sərinliyi yaratmaq çox asandır. Bunun üçün kondisioner kifayət edir. Yarımkürə formasında olduğu üçün hava onun içində daim dövr edir".

T.Hüseynov əlavə edib ki, konstruksiya evlərdən istifadə etmək üçün xüsusi yaşayış icazəsi almağa ehtiyac yoxdur: "Çünki bunlar daşına biləndir. İndiyə qədər belə konstruksiyaları verdiyimiz restoranlarda dövlət qurumları ilə heç bir problem olmayıb”.

Son xəbərlər

Orphus sistemi