Gömrükçülər iri kuryer və poçt daşımaları şirkətləri ilə görüşdü

Gömrükçülər iri kuryer və poçt daşımaları şirkətləri ilə görüşdü Dövlət Gömrük Komitəsində iri kuryer və poçt daşımaları həyata keçirən şirkətlərin təmsilçiləri ilə görüş keçirilib.
Biznes
2792
2 Sentyabr , 2020 12:55
Gömrükçülər iri kuryer və poçt daşımaları şirkətləri ilə görüşdü

Dövlət Gömrük Komitəsində iri kuryer və poçt daşımaları həyata keçirən şirkətlərin təmsilçiləri ilə görüş keçirilib.

“Report”un Komitəyə istinadən verdiyi məlumata görə, görüşdə DGK Katibliyinin rəisi Anar Süleymanov,  baş idarə rəisləri, aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.

A. Süleymanov avqustun 21-də Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verib.

O bildirib ki, görüşün keçirilməsində əsas məqsəd sözügedən qərarda əksini tapan dəyişikliklərin bütün detallarını bu sahədə fəaliyyət göstərən şirkət nümayəndələrinin birbaşa diqqətinə çatdırmaq, onları narahat edən məqamlara aydınlıq gətirməkdir.

Qeyd olunub ki, dəyişikliyin qəbulu fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən güzəştli və sadələşdirilmiş qaydada keçirilməsini təkmilləşdirəcək, kölgə iqtisadiyyatı ilə mübarizəyə və qaçaqmalçılığın qarşısının alınmasına xidmət edəcək, eləcə də büdcə daxilolmalarında da mühüm rol oynayacaq.

Görüşün sonunda iri kuryer və poçt daşımaları həyata keçirən şirkətlərin təmsilçilərini maraqlandıran bütün suallar cavablandırılıb, sözügedən qərarla bağlı geniş müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi