İran təqvim ilinin ilk 8 ayında (21 mart-21 noyabr) ölkənin şimalındakı Gilan vilayətindən həyata keçirilən ixracın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 35 % artıb.
“Report” bu barədə İran mətbuatına istinadən xəbər verir.
Vilayətin Sənaye, Mədən və Ticarət İdarəsinin rəisi Fərhad Dalq-Pouşun sözlərinə görə, qeyd olunan dövrdə vilayətdən 412,46 milyon ABŞ dolları dəyərində 704 min ton məhsul ixrac edilib ki, bu da, çəki baxımından 11 % çoxdur.
Qurum rəsmisi məhsulların əsasən Rusiya, Azərbaycan, Qazaxıstan, Belarus, Gürcüstan və Ukraynaya göndərildiyini qeyd edib.
İran İslam Respublikası Gömrük İdarəsinin (IRICA) rəhbəri Mehdi Mir-Əşrəfinin verdiyi məlumata görə, qeyri-neft məhsullarının ticarəti dəyər ifadəsində il ərzində 40 % artıb.
Mehdi Mir-Əşrəfinin sözlərinə görə, hesabat dövründə İran digər ölkələrlə 63,1 milyard ABŞ dolları dəyərində 110,3 milyon tondan çox qeyri-neft məhsulları ticarəti həyata keçirib ki, bu da, həcm baxımından 43,5 % artıb.
Eyni dövrdə təkcə İranin qeyri-neft ixracının dəyəri 42 % artaraq 31,1 milyard ABŞ dolları, çəkisi isə 10,5 % artaraq 83,7 milyon tona çatıb.
Mir-Əşrəfi qeyd edib ki, İranın neft-kimya məhsullarının ixracı, ümumi ixrac dəyərinin 43 %-ni təşkil edib, bu məhsulların 13,3 milyard ABŞ dollarlıq 39,8 milyon tonu xarici bazarlara ixrac edilib.
İranın qeyri-neft mallarının əsas ixrac istiqamətləri Çin, İraq, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Əfqanıstandır.