Sanksiyalardan dolayı Rusiyanın Qərbdən tədarük imkanları kəskin azalıb ki, bu da Azərbaycan ixracı üçün potensial imkanların formalaşdığı anlamına gəlir.
Bunu “Report”a açıqlamasında iqtisadçı ekspert Amal Həsənli deyib.
Onun sözlərinə görə, Rusiya ənənəvi olaraq MDB məkanında Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır: “Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar olaraq logistikada, qarşılıqlı ödənişlərdə müəyyən problemlərin olması anlaşılandır. Belə ki, Rusiya bu gün misli görünməyən sanksiyalar altındadır. Həmin məhdudiyyətlər onun iqtisadiyyatı üçün böyük təziq yaradır. Ölkənin xüsusilə Qərbdən tədarük etmək imkanları demək olar ki, sıfır səviyyəsindədir. Artıq bir sıra məhsulların defisiti müşahidə edilir. Qərblə Rusiya arasındakı uçurum getdikcə daha da dərinləşəcək. Belə olan şəraitdə ölkə əsas logistika kanallarını digər istiqamətlərə yönləndirmək məcburiyyətində qalacaq. Söhbət ilk növbədə yaxın xaricdən, yəni MDB məkanında olan dövlətlərdən gedir”.
Alternativlərin məhdudluğu şəraitində Rusiya qonşularla ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsində səylərini artıracaq: “Bu gün Azərbaycanın qeyri-neft ixracında Rusiya əhəmiyyətli paya sahibdir. Rusiya bazarına pomidor, alma, armud, kartof, soğandan tutmuş bentonit gilinə, polipropilen, polietilenə kimi müxtəlif çeşiddə məhsullar tədarük edirik. Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarında yer alması ilk növbədə onların yüksək keyfiyyəti ilə əlaqədardır. Sanksiyalardan dolayı xüsusilə Avropadan bu növ məhsullar Rusiya bazarına hələ uzun müddət gəlməyəcək. Belə olan təqdirdə bizim üçün bazar payını artırmaq üçün münbit şərait yaranır. Bu bir tərəfdən ölkəyə əlavə valyuta gəlirlərinin axınını, digər tərəfdən isə həmin sektorlarda məşğulluğu və yüksək rifahı təmin edəcək. Sanksiyalardan dərhal sonra milli valyuta olan rus rublu ABŞ dolları və avro qarşısında kəskin ucuzlaşdı. Lakin zamanla hökümətin həyata keçirdiyi önləyici tədbirlərin bu valyutalara olan tələbi aşağı salması nəticəsində rubl itirdiyi mövqeləri geri qaytardı. Hazırda onun qeyd edilən valyutalara nisbətdə məzənnəsi müharibədən əvvəlki səviyəyə yaxınlaşmaq üzrədir. Görünən odur ki, rublun sabitliyinin qorunması Rusiya höküməti üçün əsas prioritetlərdən olacaq, bu da əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir göstərəcək".
Ekspert hesab edir ki, Azərbaycan-Rusiya ticarət tərəfdaşlığının kökündə ölkə başçısı İlham Əliyevin balanslaşdırılmış və uzaqgörən siyasəti durur: “Rusiya-Ukrayna münaqişəsindən oncə şimal qonşumuz şəxsi təhlükəsizliyinə yarana biləcək təhdidləri dəfələrlə dilə gətirib və təminat istəyib. Rusiya üçün bu məsələ xarici siyasətdə prioritetlərdən biridir. Bu mənada Azərbaycan prezidentinin balanslaşdırılmış və uzaqörən siyasəti ölkəmizə həm Qərblə həm də qonşularla, o cümlədən İran və Rusiya ilə partnyorluq münasibətləri qurmağa və daim inkişaf etdirməyə imkan verir. Bunun məntiqi nəticəsi kimi Rusiya Prezindeti ilə Azərbaycan Prezidenti arasında imzalanan müttəfiqlik sazişi göstərilə bilər. Həmin sənəd həm də ticarət-iqtisadi tərəfdaşlığın dərinləşməsini və inkişafını nəzərdə tutur. Ona görə, hazırki şəraitdə bu bəndin rellaşdırılması üçün münbit şəraitin olduğunu deyə bilərik”.
Xatırladaq ki, xarici ticarətin strukturuna əsasən Azərbaycan üçün alıcı kimi Rusiya əhəmiyyətli ölkədir. Ötən il bu ölkəyə 921 milyon ABŞ dolları dəyərində məhsul satılıb. Qeyri-neft ixracında əsas tədarük bazarımız məhz Rusiya olub. Azərbaycandan bu ölkəyə hesabat dövründə 31 milyon ABŞ dolları dəyərində (cəmi ixracdakı payı 99,6 %) albalı və gilas, 29 milyon ABŞ dolları dəyərində (99,2 %) şaftalı (nektarinlər daxil olmaqla), 2,5 milyon ABŞ dolları dəyərində (98,5 %) ərik, 157,6 milyon ABŞ dolları dəyərində (98,3 %) pomidor, 3,9 milyon ABŞ dolları dəyərində (98,2 %) armud, 8,7 milyon ABŞ dolları dəyərində (97,9 %) çiyələk, 4,9 milyon ABŞ dolları dəyərində (97,4 %) gavalı və göyəm, 36,1 milyon ABŞ dolları dəyərində (96,7 %) alma, 38,5 milyon ABŞ dolları dəyərində (96 %) kartof, 6,6 milyon ABŞ dolları dəyərində (92,7 %) təzə üzüm, 2,7 milyon ABŞ dolları dəyərində (71,3 %) soğan, 49,3 milyon ABŞ dolları dəyərində (44,1 %) fındıq, 8,4 milyon ABŞ dolları dəyərində (86 %) bentonit gili, 82,2 milyon ABŞ dolları dəyərində (69 %) polipropilen göndərilib.