"Pandemiya başladığı ilk dövrlərdə fors-major situasiya yaranmışdı. Bu da bütün dünyaya olduğu kimi, Azərbaycana da təsirsiz ötüşmədi".
Bunu “Report”a açıqlamasında azərbaycanlı həkim, biznes təlimçi Nəcəf Allahverdiyev deyib.
Onun sözlərinə görə, yaranan böhran bəzi biznes sahələrinə daha çox mənfi təsir göstərdi:
“Bunlar turizm, hotelçilik sahələri idi. Çinlilərdə belə bir deyim var ki, böhran həm də yeni fürsətlərdir. Çünki bu hallarda insanlarda kreativlik, yenilik artmalıdır. Məsələn, turizm sektorunda bu, yerli turizmin artması ilə özünü göstərdi. Bir çox şirkətlər formatı dəyişdilər. Çevik yanaşan restoranlar çatdırılma xidmətinə keçdilər. Mağazalar isə onlayn ticarət həyata keçirdilər. Beləliklə, böhran dövrünün öyrətdiyi ən önəmli bacarıqlardan biri çeviklik oldu. Hansı biznes strukturları çevik yanaşdılarsa, onlar yaranmış vəziyyətdən çıxış yolu tapdılar. Fors-major vəziyyətə dözməyib iflas olanlar da oldu. Bundan nəticə çıxır ki, insanlara biznes bilgiləri ilə yanaşı psixoloji hazırlıq da lazımdır”.
Təlimçi vurğulayıb ki, bəzi insanlar situasiyanın psixoloji təzyiqinə dözmədilər:
“İnsanlar böhrandan sonra şəxsi inkişaflarına daha ciddi yanaşmalıdırlar. Hansı şirkətlərin rəhbərləri psixoloji vəziyyətə hazırlıqlı idisə, onlar çevik oldular və situasiyadan yeni dərslər çıxararaq inkişaf etdilər".