Əfqanıstanın gömrük xidmətinin ekspertləri üçün onlayn seminar keçirilib

Əfqanıstanın gömrük xidmətinin ekspertləri üçün onlayn seminar keçirilib Seminarı Dövlət Gömrük Komitəsi təşkil edib
Biznes
17 Mart , 2021 12:56
Əfqanıstanın gömrük xidmətinin ekspertləri üçün onlayn seminar keçirilib

Dövlət Gömrük Komitəsi (DGK) Əfqanıstan gömrük xidmətinin ekspertləri üçün onlayn seminar keçirib.

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, tədbirdə çıxış edən Komitə sədrinin I müavini İsmayıl Hüseynov bildirib ki, təmsil etdiyi qurum daxili bazarın qorunması və yerli istehsalın təşviq edilməsində, qanuni ticarətə əlverişli şəraitin yaradılmasında, təchizat zəncirinin beynəlxalq təhlükəsizliyinin təmin edilməsində, bölgədə xarici iqtisadi fəaliyyətin stimullaşdırılmasında mühüm rol oynayır. Onun sözlərinə görə, Tarixi İpək yolunun üzərindəki Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərini özündə birləşdirən Azərbaycan beynəlxalq ticarət və tranzitin asan, sürətli şəkildə həyata keçirilməsində mühüm rol oynayır.

DGK rəsmisi Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti də daxil olmaqla nəqliyyat-logistika sahəsində digər irimiqyaslı layihələrin bu istiqamətdəki əhəmiyyətindən də bəhs edib. O, eyni zamanda, 2017-ci ilin noyabrında Azərbaycan, Türkiyə, Əfqanıstan, Gürcüstan və Türkmənistan arasında "Lapis lazuli" tranzit nəqliyyat dəhlizinin yaradılması ilə bağlı imzalanan sazişin iştirakçı dövlətlərin ərazısındə olan infrastruktur, hava, avtomobil, dəniz və dəmir yolu şəbəkəsini birləşdırməklə Əfqanıstanın Avropa nəqliyyat sisteminə çıxışını təmin etdiyini vurğulayıb.

Diqqətə çatdırılıb ki, bu ilin yanvar ayında "Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi" hər üç ölkənin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət işçi qrupun videokonfrans formatında keçirilmiş görüşündə imzalanıb və sənədin icrasının uğurla həyata keçirilməsi üçün bir sıra addımlar atılıb.

Sonra tədbir barədə məlumat verən sədr müavini bildirib ki, seminar Yol Xəritəsinin 5.5-ci - "Əfqanıstanın gömrük orqanlarının modernləşdirilməsində, eləcə də TIR üçün tranzit parklarının və quru limanların infrastrukturunun dizaynı və inkişaf etdirilməsində təcrübə mübadiləsi" bəndinin icrası və Azərbaycan gömrük orqanlarının bu istiqamətdə təcrübəsinin bölüşdürülməsi məqsədilə keçirilir. O da qeyd olunub ki, seminar səmərəli və işgüzar münasibətlərin qurulmasına, konstruktiv əməkdaşlığa əlverişli zəmin yaradacaq.

Daha sonra DGK-nın Tranzit Əməliyyatları şöbəsinin rəisi Fərid Vəliyev və Transsərhəd Əməkdaşlığı şöbəsinin rəisi Cəfər Quluzadə Azərbaycan Dövlət Gömrük Komitəsinin gömrük-sərhəd keçid məntəqələrində işin təşkili və inkişafı ilə bağlı tədbirlər və gələcək planlar, Əfqanıstan istehsalı olan malların ixracı və bu ölkəyə idxal zamanı daşımaların böyük əksəriyyətini təşkil edən BYD prosedurlarının gələcək perspektivləri, sistem imkanlarının modernləşdirilməsi, TIR parklarını inkişaf etdirmək üçün nümunə, Ticarətin Asanlaşdırılması Mərkəzində, eləcə də nəqliyyat vasitələri üçün mövcud parklar, quru limanlar kimi təsnif edilən terminallar və "Quru limanlar haqqında" sazişlərlə müəyyən edilmiş kateqoriyalara əsasən logistik mərkəzlərdə aparılan gömrük əməliyyatları, "Bir pəncərə" prinsipini tətbiq etməklə idxal-ixrac əməliyyatlarının sürətləndirilməsi mövzularında təqdimatlarla çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.

Son xəbərlər

Orphus sistemi