“Azərxalça” ASC Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” xalça kompozisiyasını təqdim edib.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Tviterdə bildirib.
"Sənət əsəri Ulu Öndərin həyat fəlsəfəsini, zəngin dövlətçilik ənənələrini, Azərbaycanın tərəqqisi və firavan gələcəyi naminə mütərəqqi amallarını təcəssüm etdirir", - deyə o qeyd edib.
Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, nazir “Xalçaçı Günü” münasibətilə Azərbaycan xalçaçılarını təbrik edib, onlara fəaliyyətində uğurlar arzulayıb.
“Azərxalça”nın İdarə Heyətinin sədri Emin Məmmədov qeyd edib ki, dövlət başçısının 25 noyabr 2016-cı il tarixi sərəncamı ilə hər il 5 may Azərbaycanda “Xalçaçı Günü” kimi qeyd olunur. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan xalça sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bunun timsalında hazırda xalçaçılığın inkişafı ilə bağlı digər tədbirlər də bir daha Ulu Öndərin mədəniyyətimizə göstərdiyi qayğının dövlətimiz tərəfindən yeni dövrdə uğurla davam etdirilməsini bariz şəkiıdə göstərmiş olur. Emin Məmmədov təqdimatı keçirilən layihənin hazırlanması prosesi barədə danışıb, xalçaçılara və bu peşənin inkişafına göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.
Kompozisiyanın həmmüəllifləri - Əməkdar incəsənət xadimi, E.Məmmədov, Əməkdar rəssam Rəşad Ələkbərov, icraçıları isə səhmdar cəmiyyətinin yaradıcı komandasıdır. 2022-ci ilin may ayından etibarən toxunan triptixin ərsəyə gəlməsində qurumun İsmayıllı emalatxanasında çalışan 11 toxucunun əməyi olub. Xatirə xalçasının toxunması bu ilin aprel ayında yekunlaşıb. Üç hissədən ibarət olan əsərin hər bir hissəsində Ümummili Liderin ümumi həyat fəlsəfəsi, daim diqqətdə saxladığı məsələlər, önəm verdiyi dəyərlər ilk dəfə “xalça dili”ndə əksini tapıb.
İlk hissədə (1 rəqəmini əks edən) xalçanın kompozisiyasına uyğun olaraq xalqın birliyini və əzəmətini əks etdirən rəmzlər haşiyə motividir. Ulu Öndərin ötən əsrin 90-cı illərində respublikamızın məruz qaldığı xarici və daxili ixtilaflarla mübarizədə məhz xalqla birlikdə olmasını, onun inam və gücünə arxalanmasını nəzərə alaraq, xalça üzərində Heydər Əliyev – xalq birliyi öz əksini tapıb. Xalçanın kənar haşiyəsinin konturları isə Ümummilli Liderin ad və soyadının baş hərflərini əks etdirir.
Respublikamızda siyasi-iqtisadi sabitliyi təmin edən Ulu Öndər ölkəyə rəhbərlik etdiyi əvvəlki dövrlərdə olduğu kimi, müstəqil Azərbaycanda da elmin, təhsilin hamisi olub. Heydər Əliyev və təhsil mövzusu xalçanın birinci hissəsinin əsas mövzularından biridir. Bundan əlavə, həmin hissədə Ümummilli Liderin milli musiqimizə olan sevgisi, ən sevdiyi gül – zoğalı rəngli qızılgül, mənəvi zənginlik hesab etdiyi kitablar, məhz onun səyləri və bilavasitə təşəbbüsü ilə inşa olunmuş milli memarlıq nümunələri, mədəniyyətimizin stilizə olunmuş simvolları – tar, kaman, qaval, yallı, armudu stəkanda çay və s. elementlər də öz əksini tapıb.
Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə respublikamızda ixtisaslı milli hərbçilərin yetişdirilməsi üçün Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb açılıb, ali və orta ixtisas məktəblərində müasir tələblərə uyğun mütəxəssis hazırlamaq üçün müvafiq fakültələr və şöbələr yaradılıb. Milli Ordu quruculuğunun təməlini qoymuş Heydər Əliyevin bu əməyi xalçanın ikinci hissəsində öz geniş əksini tapıb.
Ümummilli Liderin qətiyyəti, iradəsi və cəsarəti sayəsində Azərbaycan regionda sülhün dayağına, paytaxt Bakı isə beynəlxalq əməkdaşlıq platformasına çevrilib. Bu baxımdan, Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” də xalça üzərində həkk olunub.
Ulu Öndər həm hakimiyyətə birinci gəlişi zamanı, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə iqtisadiyyatın aparıcı sahələrindən olan kənd təsərrüfatına böyük önəm verilib, aqrar sektorun inkişafı və regionlarda əhalinin rifahı üçün əhəmiyyətli zəmin yaradılıb. Xatirə xalçasının üzərində Ümummilli Liderin bu sahədə olan fəaliyyəti əksini tapıb.
Triptixin sonuncu və ən əsas hissəsi Heydər Əliyevin çağdaş, xətti (cizgili) portreti əks olunmuş “Keçmiş və gələcək – düşüncələr ayrıcında” adlanır. Burada firavan gələcəyi naminə fədakarlıqla çalışdığı, zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi xalqının önündə həmişə cəsarətlə addımlayan Heydər Əliyev yüksək bir zirvədən ölkənin bugününü böyük fəxrlə, gələcəyini isə inamla seyr edir. Xalçanın sərhədlərini müəyyən edən, “Birlik, qardaşlıq və güc” rəmzi sayılan əl-ələ tutmuş qolların həndəsi naxış elementlərinin əhatəsində Ulu Öndərin timsalında “İdeal cəmiyyətin simvolu” – ailə görüntüsü verilib. Bu hissədəki alov, ocaq, quşlar – qoruyucu mələklər, bitkilər – bolluq və firavanlıq, qızılgül isə gələcək nəsillərə qayğı və dəstək elementi kimi öz əksini tapıb.


