İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları üçün Birləşmiş Millətlər Təşkilatında təlimlər keçiriləcək.
“Report” xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, məqsəd əməkdaşların peşəkarlıq səviyyəsinin artırılmasıdır.
“Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının Beynəlxalq Ticarət və Mallar üzrə Rəqabət və İstehlakçı Siyasətləri istiqamətinin rəhbəri Teresa Moreira ilə keçirilən ikitərəfli görüşdə ölkəmizdə son illər rəqabət sahəsi üzrə aparılan institusional islahatlar, xüsusilə Rəqabət məcəlləsi və “Dövlət satınalmaları haqqında” yeni Qanun barədə məlumat verdik. Görüşdə həmçinin Rəqabət məcəlləsinin tətbiqi üzrə normativ aktların və təlimatların beynəlxalq təcrübəyə uyğun hazırlanması istiqamətində texniki dəstək, eyni zamanda Dövlət Xidmətinin əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması üçün təlimlərin keçirilməsi və rəqabətin təşviqi sahəsində maarifləndirmə imkanları üzrə əməkdaşlığın qurulmasına dair razılıq əldə etdik”, - deyə o qeyd edib.