Dövlət Vergi Xidməti korrupsiya ilə sistemli mübarizə aparır

Dövlət Vergi Xidməti korrupsiya ilə sistemli mübarizə aparır Son 3 ildə korrupsiya halları ilə bağlı 29 nəfər barədə 18 material hüquqi qiymət verilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib
Biznes
177
3 May , 2021 15:53
Dövlət Vergi Xidməti korrupsiya ilə sistemli mübarizə aparır

Müasir dövrümüzdə dövlətlərin idarəetmə sistemində təzahür edən modernləşmə yeni idarəetmə modellərinin, müasir, vətəndaşa yönümlü, onu məmnun edən idarəetmənin qurulmasının zəruriliyini üzə çıxarıb.

“Report” xəbər verir ki, yeni idarəetmə modellərinin mühüm şərti dövlət xidmətlərinin fəaliyyətində şəffaflığın təmin edilməsidir. Yeni rəqəmsal mexanizmlərin tətbiqi, insan kapitalı, ictimai əməkdaşlıq, asan və səmərəli xidmətlə vətəndaş məmnunluğuna nail olmaq müasir islahatların əsas elementləridir.

Dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin edilməsinin mühüm şərtlərindan biri insan kapitalının keyfiyyətinin artırılmasıdır. Çünki, müasir dövlət idarəetməsinin ənənəvi funksiyaları ilə yanaşı, indi proqnozlaşdırma, strateji təhlil, qiymətləndirmə, marketinq, innovasiyalardan və müasir texnologiyalardan fəal istifadə kimi bacarıqlar tələb olunur. Bu baxımdan dövlət xidmətlərinin yeni, gənc və müasir biliklərə malik kadrlarla komplektləşdirilməsi bu gün hökumətin qarşısında duran əsas prioritetlərdən biridir.

Yenilənən insan resursları

Azərbaycanın vergi orqanları kadrların yenilənməsi, vergi orqanlarına işə qəbul və vakant vəzifələrin tutulması prosesində müasir yanaşma həyata keçirir. Vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolunun artması insan kapitalına olan müasir tələblər və çağırışlar formalaşdırıb. Müasir vergi administrasiyasında analitik potensialın gücləndirilməsi yeni informasiya texnologiyalarından sərbəst istifadə edən və yüksək biliklərə malik olan kadrların formalaşdırılmasını və yetişdirilməsini tələb edir.

Son illərdə vergi xidmətinə qəbul edilən bütün kadrlar iki pilləli işə qəbul müsabiqələrindən keçiblər. Bu günə qədər test üsulu ilə işə qəbul olunan gənc kadrlar vergi xidmətində çalışanların 50 faizindən çoxunu təşkil edir.

Bu gün vergi xidmətinin rəhbərliyi, habelə yüksək vəzifələrdə çalışanların mütləq əksəriyyəti həmin gənc kadrlardan təşkil olunub. Bununla yanaşı, xüsusilə rəhbər vəzifəli şəxslərin potensialının sistemli şəkildə artırılması, əməkdaşların yerdəyişməsi (rotasiya) mexanizminin və qaydalarının təkmilləşdirilməsi, işçilərin peşəkarlığının artırılması istiqamətində tədbirlər görülür. Hər bir əməkdaş mütəmadi şəkildə müxtəlif təlim proqramlarına cəlb edilir, yeni işə təyin olunmuş əməkdaşlar üçün adaptasiya proqramları, vergi orqanı əməkdaşlarının fəaliyyətinin səmərəliliyinin müəyyən edilməsi üçün qiymətləndirmə mexanizmləri tətbiq edilir. Həmçinin işçiləri motivasiya edən, onların normal yaşayışını təmin edən əmək haqqı və mükafat sistemi vardır.

Bu gün vergi xidmətində vəzifə irəliləyişi yalnız peşəkar fəaliyyətin əsasında mümkündür. Hətta xidmətin struktur rəhbərləri belə vəzifəyə birbaşa təyinat almır, müəyyən müddət onlara bu vəzifələrin icrası müvəqqəti tapşırılır. Fəaliyyətin və iş göstəricilərinin uğurlu nəticələri, habelə heyətin idarə olunması sahəsində yüksək menecment göstərildikdən sonra rəhbər vəzifələrə təyinat aparılır.

İctimai iştirakçılıq ictimai nəzarətin forması kimi

Dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsinin və onların işinin effektiv qurulmasının metodlarından biri də həmin qurumların işinə vətəndaş cəmiyyətinin cəlb edilməsi, ictimai şuraların yaradılması və bu müzakirələrin verilən qərarlara təsiri hesab olunur. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu bü məsələləri tənzimləyir. İctimai iştirakçılığın müxtəlif formaları mövcuddur ki, onlardan biri də ictimai birliklərlə işin qurulması, vətəndaş cəmiyyəti institutlarının qurumun fəaliyyətinə yaxından cəlb edilməsidir.

Dövlət Vergi Xidməti bu baxımdan vətəndaş cəmiyyəti institutları və ekspert cəmiyyəti ilə yaxından işləyən strukturlardan biridir. Vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesi artıq neçə illərdir ki, vətəndaş cəmiyyəti ilə ciddi müzakirələrdən sonra aparılır. Xüsusən, sahə üzrə ekspertlərin cəlb edilməsi ilə vergi qanunvericiliyi təhlil edilir, qanunvericilikdəki təkmilləşdirilməli zəruri məqamlar müəyyən edilir və onların təhlili aparılaraq müvafiq dəyişikliklər layihəsi hazırlanır.

Bu yaxınlarda Dövlət Vergi Xidmətinin strukturunda - Vergi siyasəti baş idarəsində Sahibkar birlikləri və assosiasiyaları ilə iş şöbəsi yaradılıb. Yeni strukturun formalaşdırılmasında əsas məqsəd dövlətlə sahibkarlar arasında münasibətləri dialoq platformasında inkişaf etdirmək, sahibkarların vergi qanunvericiliyi ilə əlaqədar qarşılaşdıqları sektoral problem və çətinliklərin dinlənilməsi, qanunvericilik və inzibatçılığın yeni çağırışlara uyğun təkmilləşdirilməsindən ibarətdir. Bu struktur sahibkarların maraqlarını təmsil edən sahibkar birlikləri, assosiasiyaları və digər ödəyici qrupları ilə qarşılıqlı əməkdaşlığa əsaslanan birgə fəaliyyəti təmin edəcək.

Dövlət Vergi Xidmətində aparılan bu institusional islahatlar ictimai iştirakçılığın təmin edilməsinə xidmət edir. Bu iştirakçılığın gələcəkdə dövlət və biznes üçün faydası olan nəticəli prosesə çevrilməsi istiqamətində daha da genişləndirilməsi nəzərdə tutulur.

Şəffaflıq mexanizmləri insan amilinə qarşı

Dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin edilməsinin mühüm həlqələrindən biri də korrupsiya ilə mübarizədir. Vergi orqanları sistemdə korrupsiya hallarının qarşısının alınması, aşkar olunan mexanizmlərin müəyyən edilərək onların yaranmasına yol açan halların dəqiqləşdirilməsi və ləğv edilməsi istiqamətində böyük işlər aparır. Burada məsələ təkcə korrupsiyaya yol vermiş şəxslərin əhatə dairəsinin müəyyənləşdirilməsi deyil, korrupsiya imkanı yarada biləcək həmin bu halların ləğv edilməsidir.

Bütövlükdə korrupsiya ilə aparılan mübarizənin indiki təcrübəsi göstərir ki, dövlət qurumlarında daxili nəzarət sistemi təkcə vergi əməkdaşlarının fərdi fəaliyyətini əhatə etməməlidir, həmçinin fəaliyyət prosesinin risk meyarları əsasında təhlilinə və risklərin önlənməsi tədbirlərinə söykənməlidir. İnsan amili ilə yanaşı, vətəndaşlarla, o cümlədən vergi ödəyiciləri ilə ünsiyyəti ləğv edən, bütün münasibətləri elektron formata keçirən mexanizmlərin tətbiqinə üstünlük verilir.

Elektron hökumətin mühüm həlqələrindən biri olan vergi xidməti geniş miqyasda elektron xidmətlər tətbiq edən ilk dövlət qurumlarından biridir. Bu gün vergi ödəyicisi vergi orqanına gəlmədən qeydiyyatdan keçə, elektron bəyannamə verə, vergiləri özü hesablaya, ödəmələri elektron apara və vergi orqanı ilə bütün yazışmaları elektron kargüzarlıq vasitəsilə həyata keçirə bilər. Vergi ödəyicisinin vergi orqanı ilə münasibətlərini tam şəkildə məsafədən təşkil etmək üçün Xidmətin 63 elektron xidməti mövcuddur. Sadə desək, sahibkar elektron xidmətlərə üstünlük verərsə, vergi əməkdaşlarının üzünü illərlə belə görməyə bilər.

Yox əgər, onu incidən hər hansı vergi işçisi ilə qarşılaşarsa, sahibkarlar üçün vergi əməkdaşlarının hərəkətlərindən və ya hərəkətsizliyindən şikayətləri üçün qaynar xətt olan Çağrı Mərkəzi, internet sayt üzərindən müraciət, daxili təhlükəsizlik strukturuna birbaşa müraciət və s. kimi çoxşaxəli imkanlar yaradılıb.

Korrupsiyanın önlənməsi daha vacibdir

Qeyd olunmalıdır ki, məhz bu məlumatlandırma sistemlərinin mövcudluğu, habelə daxili təhlükəsizlik strukturlarının effektiv fəaliyyəti nəticəsində bu gün vergi sistemində korrupsiya və vəzifədən sui-istifadə hallarını dərhal aşkar etmək və önləmək imkanları yaranmışdır. Məsələn, bu yaxınlarda Baş Prokurorluq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sabiq əməkdaşı Mahir Əbdürəhimovun vergi və dövlət rüsumlarını qəsdən azaldaraq mənimsəməsi və digər qanunsuz hərəkətləri əsasında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işinin açılması barədə məlumat yaydı. Bu hadisənin təfərrüatlarında göstərilirdi ki, həmin şəxs tutduğu mövqedən və sahibkarların etibarından sui-istifadə edərək onların dövlət büdcəsinə borclarını daha sürətli və ödəyicilər üçün rahat şəkildə ödəyəcəyini vəd etməklə sahibkarlardan şəxsən və əlaltıları vasitəsilə külli miqdarda pul vəsaitini alıb və mənimsəyib. Törətdiyi əməlləri isə ört-basdır etmək üçün işlədiyi dövlət qurumunun rəsmi informasiya resursuna yalan məlumatlar daxil edib və bunun üstünün açılmayacağına əmin olub.

Məsələnin vacib tərəfi isə budur ki, onun bu əməlləri elə Dövlət Vergi Xidmətinin daxili təhlükəsizlik strukturu tərəfindən açılıb. Vergi xidmətində qurulan şaquli daxili nəzarət sistemləri və risklərin müəyyən edilməsi meyarları az sonra vergi ödəyicilərinin hesabatları və ödənilən vergilər arasındakı disbalansları aşkar etməyə imkan verib. Məsələyə qoşulan daxili tədqiqat qrupu artıq sabiq vergi əməkdaşının törətdiyi əməllərin sxemini və korrupsiya mexanizminə qoşulmuş şəxsləri müəyyən edib. M.Əbdürəhmanov dərhal işindən kənarlaşdırılıb, onun barəsində araşdırmalar, qurduğu korrupsiya sxemi detallı şəkildə aktlaşdırılıb və materiallar hüquqi qiymət verilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Bu hadisə vergi xidmətinin daxili təhlükəsizlik strukturlarının son illərdə apardığı və aşkar edərək üzə çıxardığı yeganə fakt deyil. Son 3 ildə Dövlət Vergi Xidmətinin daxili təhlükəsizlik strukturları tərəfindən korrupsiya halları ilə bağlı 29 nəfər barədə 18 material hüquqi qiymət verilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Belə şəxslər arasında təkcə sıravi işçilər deyil, yüksək vəzifə tutan şəxslər də olub.

Beləliklə, şəffaflığın və hesabatlılığın təmin edilməsi, vergi ödəyiciləri üçün qurulan müraciət imkanları və əks-əlaqə sistemləri, rəqəmsallaşmanın genişlənməsi kimi korrupsiya riskini minimuma endirən indikatorlar dövlət vergi orqanlarında korrupsiya ilə mübarizənin sistemli şəkildə aparılmasının göstəricisidir və bütövlükdə vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsinə xidmət edir.

Son xəbərlər

Orphus sistemi