Daha bir regionda kiçik ailə təsərrüfatlarının inkişafına dəstək layihəsi başa çatıb

Daha bir regionda kiçik ailə təsərrüfatlarının inkişafına dəstək layihəsi başa çatıb Bu gün Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) “ABAD” publik hüquqi şəxsi ilə birgə icra etdiyi “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərr
Biznes
2 İyul , 2021 16:03
Daha bir regionda kiçik ailə təsərrüfatlarının inkişafına dəstək layihəsi başa çatıb

Bu gün Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) “ABAD” publik hüquqi şəxsi ilə birgə icra etdiyi “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsinin bağlanış tədbiri olub.

"Report"un Aİ-nin Bakıdakı nümayəndəliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Aİ Nümayəndəliyinin Azərbaycandakı rəhbəri səfir Kəstutis Yankauskas, BMTİP-nin Rezident Nümayəndəsi Alessandro Frakassetti, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əbdül Əliyev və “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev iştirak ediblər.

Qonaqlar yerli icmaları dəstəkləmək üçün ailə biznesinə investisiya qoyuluşunun əhəmiyyətini vurğulayıblar.

2017-ci ildən start verilən layihə çərçivəsində 44 kəndli ailəsinə kiçik bizneslərini qurmaq və ya genişləndirmək üçün dəstək verilib. Kiçik ailə təsərrüfatlarına başlanğıc üçün əsas təlimlər təşkil edilib, onlar üçün lazımi resurslar təmin edilib. Sözügedən təlimlər biznesin inkişafı və planlaşdırılması, brendinq və satış, maliyyə uçotu və hüquqi xidmətlər, həmçinin qablaşdırma, qida təhlükəsizliyi, logistika, kommunikasiya və beynəlxalq ticarətin əsasları kimi müxtəlif mövzuları əhatə edib. Təlim kurslarını müvəffəqiyyətlə başa vurduqdan sonra ailələr əsas avadanlıq və təchizat üçün müraciət hüququ qazanıblar.

200 nəfərin birbaşa, 350 nəfərin isə dolayısı olaraq faydalandığı layihədə 44 yeni ailə təsərrüfatından 22-ni qadınlar idarə edir, o cümlədən, 12-ni məcburi köçkünlər reallaşdırır. Bu yeni bizneslər qida istehsalından dekorativ sənətkarlığa qədər müxtəlif istiqamətləri əhatə edir. Ailələrin hazırladığı bütün məhsullar tezliklə "ABAD" etno-butiklərində və ölkəmizdəki bəzi supermarket şəbəkələrində satış üçün təqdim ediləcək.

Tədbir çərçivəsində Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində layihə çərçivəsində ərsəyə gələn məhsulların sərgisi keçirilib. Həmçinin, qonaqlar Balakən, Zaqatala və Qaxda yaşayan benefisiar ailələrə səfər edib və onların kiçik təsərrüfatlarının cari vəziyyəti ilə yerində tanış olublar.

“Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsini Aİ birbaşa, UNDP isə qismən maliyyələşdir.

Son xəbərlər

Orphus sistemi