“Columbia Shipmanagement Ltd” şirkəti Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin xidmətlərindən istifadə edə bilər

“Columbia Shipmanagement Ltd” şirkəti Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin xidmətlərindən istifadə edə bilər Bakı. 26 yanvar. REPORT.AZ/ Dənizdə insan həyatının mühafizəsi və quru yük gəmilərinin təhlükəsiz daşıma əməliyyatları sahəsində fəaliyyət göstərən “Columbia Shipmanagement Ltd” beynəlxalq şirkətinin nümayəndə heyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də olub.
Biznes
26 Yanvar , 2018 14:27
“Columbia Shipmanagement Ltd” şirkəti Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin xidmətlərindən istifadə edə bilər

Bakı. 26 yanvar. REPORT.AZ/ Dənizdə insan həyatının mühafizəsi və quru yük gəmilərinin təhlükəsiz daşıma əməliyyatları sahəsində fəaliyyət göstərən “Columbia Shipmanagement Ltd” beynəlxalq şirkətinin nümayəndə heyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də olub.

Bu barədə "Report"a QSC-dən bildirilib. 

Məlumata görə, görüşdə şirkətin səhmdar cəmiyyətin xidmətlərindən istifadə etməsi, o cümlədən Gəmiçiliyin Təlim Tədris Mərkəzində əcnəbi dənizçilər üçün təlimlərin təşkili, həmçinin Bakı Gəmiqayırma Zavodu ilə əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Şirkətin sədri Henrix Şuller ikitərəfli əməkdaşlığın artan xətt üzrə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın qədim dənizçilik ənənələrinə və gəmiçilik sahəsində güclü potensiala malik olduğunu diqqətə çatdıran Gəmiçiliyinin sədri Rauf Vəliyev rəhbəri olduğu qurumun fəaliyyəti barədə məlumat verib.

Daha sonra xarici şirkətin nümayəndələri Bakı Gəmiqayırma Zavodunda olublar. Onlara zavodun istehsal gücü haqqında məlumat verilərək bildirilib ki, regionun ən böyük gəmiqayırma müəssisəsi Finlandiya, Niderland, Almaniya, Çexiya, Böyük Britaniya, Cənubi Koreya və Sinqapurda yüksək standartlar səviyyəsində istehsal olunan avadanlıqlarla təchiz edilib. İstehsal prosesində metalkəsmə, profiləymə, lövhəəymə, 3D borukəsmə rəqəmsal avadanlığı kimi müasir texnoloji vasitələrdən istifadə olunur. Hazırda müəssisədə Gəmiçiliklə imzalanan müqavilələrə uyğun olaraq, iki “RoPax” tipli unikal gəmi-bərənin və iki neft tankerinin tikintisi uğurla davam etdirilir.

Həmçinin zavodda inşa edilən gəmilərin, o cümlədən dünyada unikal hesab olunan “Xankəndi” gəmisinin tikintisi prosesini əks etdirən videoçarx da nümayiş olunub. Bildirilib ki, bu gəmi xüsusi olaraq nəhəng “Şahdəniz Mərhələ 2” işlənilmə layihəsinin sualtı qurğularını quraşdırmaq üçün inşa edilib.

“Columbia Shipmanagement Ltd” beynəlxalq şirkətinin nümayəndə heyəti Gəmiçiliyin Təlim Tədris Mərkəzinə (TTM) də baş çəkib. TTM-nin müasir standartlara cavab verən təlim hovuzuna baxış keçirilib. Hovuz “Bütün dənizçilər üçün ilkin hazırlıq və təlimat” məşğələlərin keçirilməsi üçün nəzərdə tutulub.

Mərkəzdəki müasir trenajor və sumulyator otaqları ilə də yaxından tanış olan qonaqlara bildirilib ki, hazırda TTM dünyada “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə səlahiyyəti olan 95 mərkəzdən biri, Azərbaycanda isə yeganə təşkilatdır. Dinamik Mövqe Saxlama Simulyatoru dənizçilərin bilik və bacarıqlarının yoxlanılması üçün istifadə olunan sınaq məşğələ trenajorudur.

Qeyd edək ki, “Columbia Shipmanagement Ltd” 30 ildən artıq dənizdə insan həyatının mühafizəsi və quru yük gəmilərinin təhlükəsiz daşıma əməliyyatları, həmçinin gəmi heyətinin idarəedilməsi sahəsində faəliyyət göstərən aparıcı şirkətlərdən biridir. Dünyanın bir çox ölkəsində nümayəndəlikləri olan şirkət ətraf mühitin qorunmasına da xüsusi diqqət ayırır.

Son xəbərlər

Orphus sistemi