Çin səfiri: "Azərbaycan investisiya baxımından əlverişli ölkədir"

Çin səfiri: "Azərbaycan investisiya baxımından əlverişli ölkədir" CNPC SOCAR kimi tərəfdaşları ilə uzunmüddətli fəaliyyət planı tərtib etməyə hazırdır
Biznes
220
9 Mart , 2017 16:15
Çin səfiri: Azərbaycan investisiya baxımından əlverişli ölkədir
Caspian American Club

Bakı.9 mart.REPORT.AZ/ Azərbaycan Çin şirkətləri üçün investisiya baxımından əlverişli ölkədir.

“Report” xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Vey Cinhua “Caspian Energy İnternational Media Group”un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərlik etdiyi “Caspian Energy”nin nümayəndə heyəti ilə görüşdə bildirib.

Görüşdə Azərbaycan və Çin, o cümlədən “Caspian European Club” (Caspian Business Club), “Caspian American Club” və “Caspian Energy İnternational Media Group” ilə informasiya əməkdaşlığının genişləndirilməsinin perspektivlərinə toxunulub.

Səfir Çinin Xəzəryanı ölkələrlə əlaqələrinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərə görə Kluba minnətdarlığını bildirib. "Səfirliyimiz tərəfindən sizinlə əməkdaşlığı davam etdirməyə və möhkəmləndirməyə hazırıq",- deyə o vurğulayıb. Vey Cinhua eyni zamanda qeyd edib ki,iki ölkənin şirkətləri arasında qarşılıqlı anlaşma hələ yetərincə deyil: “Çin və Azərbaycan biznesmenləri qarşı tərəf barədə az məlumat alırlar”. Bununla əlaqədar səfir CEİBC-in Çin müəssisələrinin Xəzəryanı dövlətlərin müəssisələri ilə qarşılıqlı tanışlığında daha fəal rol oynaya biləcəyinə ümid bəslədiyini ifadə edib.

Səfir həmçinin qeyd edib ki, Çinin CNPC şirkəti Azərbaycanın yerli şirkətləri ilə sıx əməkdaşlıq qurub: “Onlar Azərbaycanda çoxdan fəaliyyət göstərirlər. Lakin hazırda onlar üçün daha yaxşı şərait yaranıb və şirkət Azərbaycandakı SOCAR kimi tərəfdaşları ilə uzunmüddətli fəaliyyət planı tərtib etməyə hazırdır”.

Səfir qeyd edib ki, Azərbaycan Çin şirkətləri üçün investisiya baxımından cazibədar ölkədir. "Əlbəttə ki, bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə tarixi səfərinin böyük rolu olub. Həmin səfər zamanı birgə “Böyük İpək Yolu iqtisadi kəməri”nin yaradılması üzrə memorandum imzalanıb. Bu, ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün möhkəm bünövrədir. Səfirlik yaxın illərdə iki ölkə arasında müxtəlif sahələrdə işgüzar əməkdaşlığı bundan sonra da dərinləşdirmək və genişləndirmək məqsədilə Azərbaycan və Çin rəhbərlərinin qarşılıqlı səfərlərini təşkil etmək istərdi”, - deyə səfir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi