“Caspian European Club”un seçkiqabağı kampaniyası başlayıb

“Caspian European Club”un seçkiqabağı kampaniyası başlayıb Bakı. 6 iyun REPORT.AZ/ “Caspian European Club”un İdarə heyətinin üzvlərinin və sahə komitələrinin rəhbərlərinin seçkiqabağı səsverməsinə start verilib.
Biznes
6 İyun , 2018 14:34
“Caspian European Club”un seçkiqabağı kampaniyası başlayıb
0 : 00
0 : 00

Bakı. 6 iyun REPORT.AZ/ “Caspian European Club”un İdarə heyətinin üzvlərinin və sahə komitələrinin rəhbərlərinin seçkiqabağı səsverməsinə start verilib. 

Bu barədə “Report”a “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

O vurğulayıb ki, səsvermədə yalnız “Caspian European Club”un platin və ya qızıl statusuna malik şirkətlərin rəhbərləri və nümayəndələri öz namizədliklərini irəli sürə bilərlər. “Klubun gümüş və bürünc statusuna sahib dövlət şirkətlərinin və şirkətlərin rəhbərləri və nümayəndələri seçkilərdə namizəd ola bilməzlər. İdarə heyətinin üzvlüyünə və sahə komitələrinin rəhbərliyinə namizədlərin seçkiqabağı kampaniya çərçivəsində çəkilmiş videoçarxlarda öz fəaliyyətləri barədə danışmaları artıq xoş ənənəyə çevrilib. Məhz bu səbəbdən biz həmin ənənəni davam etdirəcəyik”, - T.Əliyev söyləyib.

T.Əliyev qeyd edib ki, bir neçə ay ərzində www.caspianenergy.org saytında hər bir namizədin tərcümeyi-halı və fotosu dərc olunmaqla ilkin onlayn səsvermə keçiriləcək. O əlavə edib ki, onlayn səsvermə PR xarakteri daşıyır və əsas seçkilərə heç bir təsiri yoxdur. Eyni zamanda namizədlər və onların işlədikləri şirkətlər haqqında mümkün qədər geniş məlumat təqdim etmək imkanı yaradır.

Onun sözlərinə görə, qeydiyyatdan keçmiş istənilən istifadəçi biznesin maraqlarını layiqincə qoruyacağından, sahibkarların problem və təkliflərini dövlət qurumlarına çatdıracağından, həmçinin biznes-hökumət dialoqunun daha da inkişafına kömək edəcəyindən əmin olduğu namizədə səs verə bilər.

T.Əliyev deyib ki, seçkilərdə hər bir seçiciyə İdarə heyətinin üzvü və sahə komitəsinin rəhbəri üçün öz namizədini seçə biləcəyi anket təqdim olunacaq. O həmçinin seçkilərin sonunda İdarə heyətinə paralel şəkildə sahə komitələrinə də rəhbərlik edə biləcək 9 üzvün seçiləcəyini əlavə edib: “Amma sahə klublarının heç də bütün rəhbərləri “Caspian European Club”un İdarə heyətinə üzv seçilə bilməzlər. “Caspian European Club”a üzvlüyün şərtlərinə əsasən, Klubun platin üzvlərindən 12, qızıl üzvlərindən 6, gümüş üzvlərindən 3, bürünc üzvlərindən isə 1 nəfər səs verə bilər”.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb. 

Son xəbərlər

Orphus sistemi