Camid Mövsümov: "İxracla bağlı aktiv addımlar atmağa başlamışıq" - MÜSAHİBƏ

Camid Mövsümov: "İxracla bağlı aktiv addımlar atmağa başlamışıq" - MÜSAHİBƏ ABAD rəsmisi "Report"a müsahibə verib
Biznes
327
13 May , 2021 15:54
Camid Mövsümov: İxracla bağlı aktiv addımlar atmağa başlamışıq - MÜSAHİBƏ

Koronavirus (COVID-19) pandemiyası Azərbaycanda əksər biznes subyektləri kimi fərdi ailə təsərrüfatlarına da mənfi təsir edib.

Bununla bağlı "Report"un suallarını Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") tabeliyindəki “ABAD” - ("Ailə Biznesinə Asan Dəstək") publik hüquqi şəxsinin Xidmət sahələri və satışın təşkili departamentinin direktoru Camid Mövsümov cavablandırıb.

- “ABAD” kiçik təsərrüfatların pandemiyaya görə zərərinin minimum həddə saxlanılması istiqamətində hansı işləri görür?

- “ABAD” dekorativ-tətbiqi xalq sənətkarlığı və əsasən “handmade” üsulu ilə ərzaq məhsullarının istehsalı ilə məşğul olan sahibkarlara dəstək göstərir. Ən böyük “ABAD”çı kütləsinə malik sənətkarlıq sahəsi üzrə satış göstəriciləri kommersiya fəaliyyətinə başladığımız 2017-ci ildən etibarən artım nümayiş etdirirdi. Belə ki, dəstək alan sənətkarlarımız 2017-ci ildə 235 min manat gəlir əldə etmişdilərsə, bu rəqəm 2019-cu ilin yekunları üzrə 817 min manat təşkil edib.

Lakin pandemiya bütün ölkələrdə olduğu kimi Azərbaycanda da orta və kiçik sahibkarlıq subyektlərinin vəziyyətinə mənfi təsir göstərdi. Ciddi sıxıntı ilə üzləşənlər həm də sənətkar -“ABAD”çılarımız oldular. Çünki bu sektorun əsas müştəri bazasını ölkəyə daxil olan xarici turistlər təşkil edirdi. Qida sahəsində isə əksinə, bu dönəmdə ciddi bir irəliləyiş müşahidə olunub. Buna əsas səbəb satış coğrafiyamızın genişlənməsi və əhalidə “ABAD” brendinin müsbət xarakterizə edilməsi ilə yanaşı pandemiyadan öncəki dövrlərdən fərqli olaraq əhalinin ictimai iaşə obyektlərindənsə supermarketlərdə bazarlıq edərək evlərində qidalanmaya üstünlük vermələridir.

Ümumiyyətlə, qida sektorumuz 2018-ci ildən etibarən yüksələn templə artımını davam etdirir. Məsələn, 2019-cu ildə qida “ABAD”çılarımızın bank hesablarına köçürülən məbləğ 433 min manat təşkil edirdisə, 2020-ci ildə bu rəqəm 731 min manat olub. 2021-ci ildə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə hər ay 45 % artım satışlarımızda müşahidə olunur. Bunun bir çox səbəbləri var. Əsas səbəb market şəbəkələri ilə düzgün əməkdaşlıq münasibətlərinin qurulması və nəticədə fəaliyyət şəbəkəmizin genişlənməsi, korporativ satış sisteminin qurulması olub.

“ABAD” olaraq “ABAD”çı ailələrimizin əziyyət çəkməməsi üçün bu dövrdə bir sıra addımlar atdıq:

-Pandemiya dövrünün ilk dönəmlərində ən böyük çətinliklərdən biri istehsalat fəaliyyətinin təşkilində xüsusi icazələrin alınması oldu. Bu istiqamətdə aidiyyatı departamentimizin dəstəyi ilə “ABAD”çı ailələrimizin çalışma izinlərini almışıq. Fəaliyyətlərin düzgün təşkilində bütün lazımi dəstəkləri göstəririk. İstehsal olunan bütün məhsulların daşınması prosesi tərəfimizdən həyata keçirilir;

-Canlı ünsiyyət minimuma endirilməli olsa da tərəfimizdən müxtəlif onlayn kurslar və master-klasslar təşkil edilir;

-Bütün “ABAD”çı ailələrimizin maliyyə uçot hesabatları tərəfimizdən təmənnasız şəkildə aparılır. Dövlətdən sahibkarlara təqdim olunan yardımların əldə olunması prosesini Maliyyə departamentimiz təşkil edir;

-Bütün dünyada olduğu kimi Azərbaycanda da pandemiya rəqəmsal sferanı, elektron alış-veriş sahəsini, onlayn ticarət sferasını xeyli stimullaşdırdı. Biz də onlayn alış-veriş istiqamətində müvafiq addımlar atmaqda davam edirik. İlk növbədə bəzi onlayn alış-veriş saytlarında və supermarket şəbəkələrində yaradılan onlayn alış-veriş saytlarının üzərindən məhsullarımızın bəzilərini hazırda əldə etmək mümkündür. Əlavə olaraq öz onlayn satış şəbəkəmizi də daim təkmilləşdiririk;

-“ABAD”çı ailələrimizi ölkəmizin maliyyə qurumları ilə əlaqələndirərək kredit əlçatanlığında onlara dəstək olmağa çalışırıq;

-Bəzi ailələrimizə avadanlıq, müvafiq qablaşma ilə təmin edərək onların istehsalat fəaliyyətlərinin təkmilləşməsində dəstək oluruq.

- Siz “ABAD”ın xidmət sahələri və satışının təşkilini təmin edirsiniz. Bu il Sizin sahədə hansı yeniliklər gözlənilir?

- İlk növbədə qeyd etmək istəyirəm ki, əsas məqsədimiz daimi olaraq satış həcmlərinin artırılmasına nail olmaqla mövcud “ABAD”çılarımızın biznes uğurlarını artırmaqdır. Satış potensialı artdığı zaman biz tərəfdən yeni “ABAD”çıların sıralarımıza daxil edilməsi mümkün olur. Onu da qeyd etmək lazımdır ki, istər pandemiya olsun, istər böhran – belə dövrlər həm də fürsət dövrüdür. Yaranmış şəraitə maksimum adaptasiya olaraq “ABAD”çı ailələrimizin bizneslərinin bu dövrdə inkişafı üçün lazımi addımları atırıq və bu istiqamətdə bir çox planlarımız mövcuddur:

Hazırda “ABAD” qida məhsullarının 22 satış nöqtəsində və “ABAD” etno-butiklərində satışı təşkil olunur. İlin sonunadək maksimum dərəcədə satış nöqtələrimizin sayının artırılmasını planlayırıq;

Qeyd etdiyimiz kimi “ABAD” prioritet olaraq iki istiqamətdə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlara dəstək göstərir: qida məhsullarının istesalı və dekorativ-tətbiqi xalq sənətkarlığı. Lakin çox yaxın zamanda daha bir istiqamət üzrə sahibkarlara dəstək veriləcək. Bu istiqamətin xidmət sahəsinə aid olması planlaşdırılır.

Eyni zamanda hərkəsə məlum olduğu kimi satış həcmlərinin artırılmasının səmərəli metodlarından biri də ixrac əməliyyatlarının həyata keçirilməsidir ki, bu istiqamətdə də daim xarici tərəfdaşlar axtarışındayıq və bu nailiyyətə də imza atmaq üçün çalışırıq.

- “Made in Azerbaijan” məhsullarının xarici ölkələrdə tanıtdırılması, eyni zamanda “ABAD”çıların xarici bazarlara çıxışının təmin edilməsi baxımından “ABAD” hansı işləri görür? Bu istiqamətdə çətinliklər nədən ibarətdir?

- Rəhbərliyin qarşımıza qoyduğu prioritet hədəflərdən biri “ABAD” məhsullarının daimi ixrac kanalının formalaşdırılmasıdır. Bu istiqamətdə “ABAD” yaradılan gündən müəyyən işlər icra edib. Müxtəlif beynəlxalq tədbirlərdə, sərgilərdə iştirak edilib. “ABAD”ın bu istiqamətdə ən böyük çətinliyi ondan ibarətdir ki, kiçik ailə təsərrüfatları stabil xüsusiyyətlərə malik iri həcmdə məhsul partiyası istehsal etmə qabiliyyətində deyil və istehsal etdikləri məhsullar çox yüksək keyfiyyət göstəriciləri ilə fərqləndiyi ilə yanaşı qiymət rəqabətində uduzur. Lakin biz heç də bununla barışmırıq və hesab edirik ki, bu kimi məhsullar daxili bazarda olduğu kimi xarici bazarlarda da öz yerini tutacaq. Bu məqsədlə müxtəlif dünya ölkələrindən beynəlxalq mütəxəssislər dəvət olunaraq “ABAD”çılarımızın istehsal bacarıqlarının inkişafına, eyni kateqoriyaya aid malların istehsalı ilə məşğul olan “ABAD”çılarımızın səylərinin birləşdirilməsinə və etibarlı xarici tərəfdaşların tapılması üzrə işlər görürük.

Son dönəmdə ixracla əlaqədar bir sıra aktiv addımlar atmağa başlamışıq. İlk növbədə məhsullarımızın düzgün təqdimatı üçün xüsusi ixrac kataloqu yaratmışıq. Kataloqda məhsullarımız, onların tərkibi və potensial ixrac qiymətləri əks olunub. Hazırda ixrac istiqamətində bir neçə xarici tərəfdaşla hərtərəfli, detallı və sıx danışıqlarımız davam edir.

Son xəbərlər

Orphus sistemi