Bakı. 11 aprel. REPORT.AZ/ Bu ilin birinci rübündə azexport.az portalı vasitəsilə 81,65 mln. ABŞ dolları həcmində ixrac sifarişi verilib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı hesabatda bildirilir.
Məlumata görə, ayrı-ayrılıqda yanvarda 48 mln. dollarlıq, fevralda 6,5 mln. dollarlıq, martda isə 27 mln. dollarlıq sifariş olub.
Ümumilikdə 3 ay ərzində Azərbaycanda ixrac edilmiş qeyri-neft məhsullarının dəyəri isə 274,554 mln. dollar təşkil edib. Bu isə 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 28,806 mln. dollar və yaxud 11,8% çoxdur.
İxrac edilmiş əsas mallar kimya sənayesi məhsulları, fındıq, pambıq lifi, təzə və ya soyudulmuş tomat, şəkər, alüminium, xurma, alma və s. olub. Qeyri-neft məhsulların ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, Türkmənistan və İsveçrə qərarlaşıb.
Rüb ərzində Azexport portalına ixrac sifarişləri 32 ölkədən daxil olub. Bura qonşu Rusiya, Türkiyə, İran və Qazaxıstan kimi ölkələrlə yanaşı ABŞ, Afrika ölkələri, Toqo və Benin kimi uzaq ölkələr, eləcə də bir sıra Avropa və Asiya ölkələri (Danimarka, Fransa, Latviya, Belarus, Moldova, Rumıniya, Tacikistan və s.) daxildir.
Sifarişləri məhsullar üzrə təhlil etdikdə aydın olur ki, Azərbaycanda istehsal edilən meyvə şirəsi, meyvə kompotu, mahlıc, pambıq yağı, tütün, kərə yağı, quru süd, şərab, konyak, boya, yumurta, toyuq əti, fındıq ləpəsi, qarabaşaq, tibbi tənzif, çay, mebel, uşaq bezi, düyü, noxud, makaron kimi məhsullara dünya bazarında tələbat var.
Yanvar ayında ən yüksək məbləğdə sifarişlər mərciməyə və fındıq ləpəsinə, fevral ayında toyuq ətinə və almaya, mart ayında isə pambıq yağı, mahlıc, tütün, tibbi tənzif, noxud və digər məhsullara daxil olub.
Hesabata görə, Azexport portalı fəaliyyətə başlayandan sonra Azərbaycan məhsullarının beynəlxalq platformalarda, o cümlədən Alibaba.com-da mövqeyi güclənməkdədir. Ötən ilin noyabr ayı ilə müqayisədə 2017-ci ilin mart ayında Azərbaycan mallarının Alibaba.com-da təmsil olunma səviyyəsi 55 dəfə artıb.