Bu il KOB inkişaf mərkəzləri 16 mindən çox subyektə xidmət göstərib

Bu il KOB inkişaf mərkəzləri 16 mindən çox subyektə xidmət göstərib “İnnovativ biznes və startap ekosisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində atılan addımların davamı olaraq, bu ilin may ayından etibarən Azərbaycanda “Startap” şəhadətnaməsinin verilməsinə başlanılıb”.
Biznes
3 Dekabr , 2021 11:19
Bu il KOB inkişaf mərkəzləri 16 mindən çox subyektə xidmət göstərib
Orxan Məmmədov

“İnnovativ biznes və startap ekosisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində atılan addımların davamı olaraq, bu ilin may ayından etibarən Azərbaycanda “Startap” şəhadətnaməsinin verilməsinə başlanılıb”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən “UNEC İqtisadi Forumu”nda deyib.

“Şəhadətnamə sahibkarı 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edir, həmçinin, startapa yerli və xarici investorların marağını artırır, xarici bazarlara çıxışını asanlaşdırır. Bu günə qədər 30-a yaxın startapa şəhadətnamə verilib”, - deyə o, qeyd edib.

O.Məmmədovun sözlərinə görə, qeyri-neft sektorunda rəqabətqabiliyyətli istehsalın, innovativ məhsul və xidmətlərin yaradılmasının stimullaşdırılması üçün daxili bazar araşdırmasının aparılmasına KOBİA dövlət dəstəyi göstərir: “Bildiyiniz kimi, pandemiya kimi qeyri-müəyyən dövrlərdə biznes sahəsində bazar araşdırmalarının aparılması xüsusilə vacibdir. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-ni, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-ni dövlət qarşılayır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilərlər. Pandemiyanın mövcud biznes mühitində yaratdığı dəyişikliklər sahibkarların ənənəvi formada həyata keçirdikləri fəaliyyətlərin yeni çağırışlara uyğunlaşması zərurətini yaradıb. Bu baxımdan, onların bilik və bacarıqlarının artırılması prioritet istiqamətlərdəndir".

"21 şəhər və rayonunda fəaliyyət göstərən KOB inkişaf mərkəzləri vasitəsilə yeni biznesə başlamaq istəyənlərə, startaplara, sahibkarlara ödənişsiz təlimlər keçirilir, məsləhət və mentorluq xidmətləri göstərilir. Sözügedən xidmətləri təcrübəli və peşəkar ekspertlər ödənişsiz təmin edir. 2021-ci il ərzində KOBİM-lərin xidmətlərindən 16 mindən çox subyekt faydalanıb. İnnovativ texnologiyaların və yeni biznes modellərin öyrənilməsi və daxili iş proseslərində tətbiqi üçün KOB-ların beynəlxalq təcrübə mübadiləsi proqramlarında iştirakını dəstəkləyirik. Misal üçün deyə bilərəm ki, “Azərbaycanda biznes menecerlərinin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində KOB-ların nəzəri və praktik biliklərinin artırılması, Almaniyanın müəssisələrində istifadə edilən idarəetmə metod və texnoloji təcrübələr barədə yerində tanış olmaq imkanı yaradılır. Bu günə qədər 480 sahibkar və menecer bu proqramdan faydalanıb. Müasir biznes modellərinin inkişafının dəstəklənməsi məqsədilə KOBİA-nın təmin etdiyi infrastrukturla bağlı onlayn satış platforması və video təlim platformasını xüsusilə qeyd etmək istərdim. Kobmarket.az saytı KOB-lar arasında elektron ticarətin genişləndirilməsi və satış imkanlarının artırılması üçün əhəmiyyətli resursdur. Video təlim platformasında isə qeydiyyatdan keçməklə 180 təlim videosunu izləmək mümkündür. Artıq 200-dən çox KOB subyekti və biznesə başlamaq istəyən şəxs onlayn təlimlərdən faydalanıb. Özünüqiymətləndirmə testləri vasitəsilə qazanılmış biliklərin yoxlanılması, mövzuların peşəkar təlimçilər tərəfindən izah olunması və ödənişsiz istifadə imkanı video təlim platformasının başlıca üstünlükləridir. Hazırda dövlət başçısının təsdiq etdiyi 2030-cu il üzrə Milli Prioritetlər çərçivəsində ortamüddətli sosial-iqtisadi inkişaf strategiyası hazırlanmaqdadır. Sözügedən strategiya post-pandemiya və post-münaqişə dövrü üçün ölkənin inkişaf istiqamətlərinin əsas konturlarını müəyyən edəcək. Ümidvaram ki, bu gün keçirilən tədbir çərçivəsində faydalı müzakirələr aparılacaq və strateji fəaliyyət gündəliyimizin genişləndirilməsi üçün faydalı nəticələr əldə ediləcək", - deyə o, əlavə edib.

Son xəbərlər

Orphus sistemi