Bu il “Azexport”a 60 ölkədən 356 mln. dollarlıq sifariş gəlib

Bu il “Azexport”a 60 ölkədən 356 mln. dollarlıq sifariş gəlib Sifarişlərin ilk beşliyində Rusiya (18,2%) ilə yanaşı Türkiyənin (6,7%), Ukraynanın (6,3%), Hindistanın (4,9%) və ABŞ-ın (4,6%) adı var
Biznes
24 Oktyabr , 2017 11:17
Bu il “Azexport”a 60 ölkədən 356 mln. dollarlıq sifariş gəlib

Bakı. 24 oktyabr. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İTKM) oktyabr ayı üçün “İxrac İcmalı” hazırdır.

Bu barədə “Report”a qurumdan bildirilib.

İcmala əsasən, bu ilin ilk 9 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1,069 mlrd. ABŞ dolları həcmində olub və bu ixrac əməliyyatlarında 1 582 subyekt iştirak edib.

Son 1 ildə qeyri-neft sektoru üzrə ixrac 25% artıb. Azərbaycan məhsullarının ixrac edildiyi ölkələrin siyahısında Rusiya liderliyini qoruyub. 9 ay ərzində bu ölkəyə 366 mln. dollarlıq ixrac olub. Növbəti yerləri isə Türkiyə (223 mln. dollar), Gürcüstan (99 mln. dollar), İsveçrə (98 mln. dollar) və Türkmənistan (44 mln. dollar) tutub.

İrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) birinciliyini qoruyub (128,8 mln. dollar). Siyahıda ikinci yeri qızıl (81,4 mln. dollar), üçüncü yeri isə qabığı təmizlənmiş meşə fındığı (62 mln. dollar) tutub.

Meyvə-tərəvəz ixracı 307 mln., alüminium və ondan hazırlanan məmulatların ixracı 87 mln. dollar, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 78 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 61 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 58 mln. dollar təşkil edib.

Son 1 ildə pambıq lifi ixracı 8,5 dəfə, elektrik enerjisi ixracı 2,8 dəfə, çay ixracı 62%, meyvə-tərəvəz ixracı 41%, spirtli və spirtsiz içkilərin ixracı 28%, kimya sənayesi məhsulları ixracı 25%, alüminium və ondan hazırlanan məmulatların ixracı 22%, bitki və heyvan mənşəli piylərin və yağların ixracı 17%, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 10% artıb.

Bu ilin sentyabr ayında isə qeyri-neft sektoru üzrə 395 subyekt 106 mln. dollarlıq ixrac əməliyyatları həyata keçirib. Ötən ay ixrac olunan əsas mallar qabığı təmizlənmiş meşə fındığı, qızıl, metanol (metil spirti), alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, alma, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr, ağ şəkər, soğan, xiyar və kornişonlar, mis filizləri və konsentratları, gavalı və göyəm, doymamış propen (propilen), şaftalı və s. olub. Sentyabrda qabığı təmizlənmiş meşə fındığının ixracının dəyəri 23,5 mln. dollar təşkil edib.

Ötən ay qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında Rusiya yenidən birinciliyə yüksəlib. Sonrakı yerlərdə isə Türkiyə, İsveçrə, İtaliya, Gürcüstan və digər ölkələr qərarlaşıb.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ilk onluqda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar idarəsi, “Azergold” QSC, “Azərenerji” ASC, ”Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC, “SOCAR Methanol” MMC, SOCAR-ın Geofizika və Geologiya İdarəsi, “Azərbaycan Dəmir Yolları” QSC və Naxçıvan MR Dövlət Energetika Agentliyi və başqaları təmsil olunurlar. 

“İxrac İcmalı”nda 9 ay ərzində “Azexport” portalına (www.azexport.az) daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, bu müddətdə dünyanın 60 ölkəsindən 355,8 mln. dollarlıq ixrac sifarişləri daxil olub. Ayrıca sentyabrda daxil olmuş ixrac sifarişlərinin dəyəri isə 47,4 mln. dollar təşkil edib.

“Azexport”a daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (18,2%) ilə yanaşı Türkiyənin (6,7%), Ukraynanın (6,3%), Hindistanın (4,9%) və ABŞ-ın (4,6%) adı var. Sentyabr ayında diqqət çəkən məqamlardan biri Hindistandan daxil olan ixrac sifarişlərinin artmasıdır. Ötən ayda daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olur ki, sentyabr ayında ən çox ixrac sifarişi fındıq ləpəsinə, almaya, xiyara, kartofa, sarımsağa, şəraba və s. mallara daxil olub. Qırğızıstandan pambıq yağına daxil olan sifariş həcmi böyük olduğu üçün yerli şirkətlər onu ancaq pambıq yığımı tam başa çatandan sonra qarşılaya biləcəklərini bildiriblər. Digər sifarişlər də portalınkomandası müvafiq yerli istehsalçılara yönəldib.

Həmçinin “İxrac İcmalı”nda Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransının keçirilməsi, ixracatçılara ixrac təşviqinin ödənilməsi, “ANUGA” Sərgisi, Gənclərin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə ziyarəti, Global G.A.P təliminin keçirilməsi və s. məsələlər barədə də məlumatlara yer verilib.

“İxrac İcmalı”ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

http://iqtisadiislahat.org/store//media/documents/ixrac_icmali/oktyabr/ExportReview_2017_7.pdf

Son xəbərlər

Orphus sistemi