BBF-də gənc sahibkarlara təlim keçən Manu Şarma: “Azərbaycanda da ən azından Kanadadakı qədər sosial sahibkarlığa maraq var” - MÜSAHİBƏ

BBF-də gənc sahibkarlara təlim keçən Manu Şarma: “Azərbaycanda da ən azından Kanadadakı qədər sosial sahibkarlığa maraq var” - MÜSAHİBƏ “BBF-lə əməkdaşlıq etmək bizim üçün çox böyük əhəmiyyət kəsb edir”
Biznes
24 İyul , 2017 18:00
BBF-də gənc sahibkarlara təlim keçən Manu Şarma: “Azərbaycanda da ən azından Kanadadakı qədər sosial sahibkarlığa maraq var” - MÜSAHİBƏ
Report.az

“BBF-lə əməkdaşlıq etmək bizim üçün çox böyük əhəmiyyət kəsb edir”

Bakı. 24 iyul. REPORT.AZ/ Dünyaca tanınmış təlimçi Manu Şarma “Baku Business Factory”da (BBF) gənc sahibkarlara sosial sahibkarlıqla bağlı təlim keçib. Təlimdən sonra M.Şarma “Report”un suallarını cavablandırıb.

- Əvvəlcə təlimlə bağlı fikirlərinizi almaq istərdik. Azərbaycan gəncləri üçün belə seminarlar nə qədər maraqlıdır?

- Azərbaycan gənclərinin biznes-sahibkarlıq sahəsinə həvəsinin olması məni çox sevindirir. Mən əslən Hindistanın Pəncab vilayətindənəm, amma Kanadada yaşayıram. Kanadada da sosial sahibkarlıq mövzusuna maraq var. Azərbaycanda da ən azından Kanadadakı qədər bu sahəyə maraq var. Onu da xüsusi qeyd edim ki, Azərbaycanda insanlar çox qonaqpərvərdir. Bu isə çox yaxşı xüsusiyyətdir.

- Bu gün gənc sahibkarın uğurlu biznes qurması üçün onda əsas hansı faktorlar olmalıdır?

- Düşünürəm ki, uğurlu biznes üçün öncə düzgün təhsil olmalıdır. Aydındır ki, düzgün təhsilin cəmiyyətə təsiri böyükdür. Bu gün ABŞ-dakı məktəb və kolleclərdə şagirdləri maarifləndiririk. Həmçinin burada hökumət də insanlarda sosial sahibkarlığın inkişaf etməsində maraqlıdır. “Baku Business Factory” (BBF) buna ən gözəl nümunədir. Onlar burada sosial sahibkarlıq haqqında insanları həm maarifləndirir, həm də müxtəlif ölkələrdə təcrübəsi olan mənim kimi ekspertləri dəvət edirlər və geniş şəbəkə yaratmağa imkan verirlər. Bizim üzərimizə düşən vəzifə gənc sahibkarların bacarıqlarını inkişaf etdirməkdir ki, onlar da bu bacarıqlarını inkişaf etdirib nələrəsə nail olsunlar.

- Siz çox ölkədə olmusunuz və həmin ölkələrin insanlarını tanımaq imkanınız olub. Azərbaycan gəncini digər ölkə gənclərindən fərqləndirən əsas cəhət nədir?

- Azərbaycan gənci də digər ölkələrdə yaşayan gənclər kimidir. Amma onları fərqləndirən bəzi cəhətlər var. Burada olduğum müddətdə onu anladım ki, Azərbaycan gəncləri həyat, gələcək, daha yaxşı gələcək qurmaq haqqında düşünürlər. Digər fərqli cəhət onların təvazökar və utancaq olmalarıdır. Buradakı gənclər öz istəkləri, arzuları haqqında danışanda sanki bir qədər utanırlar. Amma Şimali Amerika gəncləri isə bu mövzuda daha iddialıdırlar.

- Sizcə bu utancaqlıq, təvazökarlıq nədən irəli gəlir?

- Düşünürəm ki, bu, mədəniyyətdən irəli gəlir. Sizdə böyüyə həddən artıq hörmət gənclərdə utancaqlıq kimi özünü büruzə verir. Azərbaycan gənci qarşısında özündən böyük kimisə görürsə, öz fikirlərini ifadə etməkdə çətinlik çəkir, utanır. Təbii ki, bu, hörmət əlamətidir. Amma Şimali Amerika gənclərində bu xüsusiyyət yoxdur. Utancaqlığın digər səbəbi bilik-təcrübə azlığından irəli gəlir.

- Sosial sahibkarlıq geniş anlayışdır. Əgər bunu konkretləşdirsək, Azərbaycanda biznesə başlamaq üçün hansı sahəni daha uyğun görürsünüz?

- Çox qısa müddətdir ki, Azərbaycandayam. Düşünürəm ki, ölkənizdə əsas qadınların fəallığının artırılması ilə bağlı layihələr uyğundur. Amma Şimali Amerikada əsas qida və səhiyyə sahəsidir.

- Yenidən Azərbaycana qayıdıb burada biznes qurmaq istədiyinizi öyrəndik. Niyə məhz Azərbaycan?

- Bura gələndə gördüm ki, insanlarda yeniliyə maraq, həvəs var. Düşünürəm ki, buranın gələcəyi var. Ona görə də Azərbaycanda qalıb biznesi inkişaf etdirməyi düşünürəm. Bu baxımdan BBF-lə əməkdaşlıq etmək bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Hadisələr təkcə Şimali Amerikada baş vermir. Biz özümüz də cəmiyyətimizə aid olan sualların hamısını cavablandıra bilmərik. Bəzi sualların cavabı cəmiyyətin özündədir.

- Sonda “Digital Baku” layihəsi ilə bağlı məlumat verməyinizi istərdik.

- Bu, gələcəklə bağlı olan bir layihədir. Məqsədimiz insanları bir araya gətirmək, onlar arasında əlaqə yaratmaqdır. Mən hazırda iki gənclə birlikdə bu layihə üzərində çalışıram və əsas işim mentorluqdur.

Son xəbərlər

Orphus sistemi