​Bakıda "Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi" mövzusunda təlim keçirilir

​Bakıda "Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi" mövzusunda təlim keçirilir Bu gün Bakıda İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda
Biznes
23 Sentyabr , 2014 11:36
​Bakıda Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi mövzusunda təlim keçirilir

Bakı. 23 sentyabr.REPORT.AZ/ Bu gün Bakıda İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda "Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi" mövzusunda təlim işə başlayıb.

İqtisadiyyat və Sənaye Nazirliyindən "Report"a verilən məlumata görə, İslam İnkişaf Bankı, İslam Tədqiqatları və Təlim İnstitutu və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbir 5 gün davam edəcək. Təlimdə yerli özəl və dövlət qurumlarının nümayəndələri ilə yanaşı Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan mütəxəssislər iştirak edir.

Təlimdə sahibkarlığın inkişafı istiqamətində son illərdə Azərbaycanda aparılan siyasət, sahibkarlığın maliyyələşmə mexanizmləri haqqında iştirakçılara məlumat veriləcək, eləcə də İqtisadiyyat və Sənaye Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən məruzələr oxunacaq, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan mütəxəssislərin bu sahədə təqdimatları keçiriləcək.

Tədbiri giriş sözü ilə açan İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətləri, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında qarşıya qoyulan hədəflər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bu il - "Sənaye ili" çərçivəsində görülən işlərdən danışan V.Vəliyev bu sahədə innovativ sahibkarlığın rolunu, bu cür tədbirlərin əhəmiyyətini qeyd edib.

İslam İnkişaf Bankının nümayəndəsi Osman Əhməd çıxış edərək kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi istiqamətində təcrübə mübadiləsinin aparılmasının, qabaqcıl təcrübənin tətbiqinin önəmli olduğunu vurğulayıb.

Qeyd edək ki, təlim iştirakçılarının Azərbaycanın regionlarında sahibkarlığın inkişafı istiqamətləri ilə tanışlığı məqsədilə Xaçmaz rayonuna səfəri nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi