Bakıda investisiya siyasətlərinə dair beynəlxalq konfrans keçirilir

Bakıda investisiya siyasətlərinə dair beynəlxalq konfrans keçirilir Tədbirdə 11 ölkənin dövlət qurumları, beynəlxalq təşkilatlar, xarici universitetlərin nümayəndələri və iş adamları iştirak edirlər
Biznes
24 Oktyabr , 2017 12:35
Bakıda investisiya siyasətlərinə dair beynəlxalq konfrans keçirilir
Report

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda İqtisadiyyat Nazirliyi və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) birgə təşkilatçılığı ilə “Beynəlxalq investisiya siyasətləri: irəliyə doğru” mövzusunda beynəlxalq investisiya konfransı işə başlayıb. “Report” xəbər verir ki, tədbirdə 11 xarici ölkənin dövlət qurumları, beynəlxalq təşkilatlar, o cümlədən UNCTAD, Avropa Komissiyası, Beynəlxalq Əmək Təşkilatı və Enerji Xartiyası Katibliyinin təmsilçiləri, xarici universitetlərin nümayəndələri və iş adamları iştirak edirlər.

Azərbaycan tərəfindən tədbirə müxtəlif dövlət qurumlarının, bir sıra universitet və özəl şirkətləri təmsil edən 40-a yaxın nümayəndə qatılıb.

Konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan və UNCTAD arasında əlaqələrin əhəmiyyəti, eləcə də gələcək əməkdaşlıq imkanları barədə məlumat verib.

S.Babayev deyib ki, 2 gün davam edəcək konfransın mövzusu aktualdır və bir sıra əhəmiyyətli sahələr, o cümlədən beynəlxalq investisiya siyasətlərində son yeniliklər, beynəlxalq və regional investisiya sazişləri, investisiya mübahisələrinin həlli və investisiya siyasətlərində ən yaxşı təcrübə mövzuları ətrafında müzakirələr aparılacaq: “1995-ci ildən indiyədək Azərbaycan iqtisadiyyatına 233,5 mlrd. ABŞ dolları həcmində investisiya qoyulub ki, bunun 111 mlrd. dollarını xarici investisiyalar təşkil edir”.

UNCTAD-ın İnvestisiya siyasətləri Departamentinin rəhbəri Corc Veber çıxışında təmsil etdiyi qurumun fəaliyyəti və müvafiq sahədə görülən tədbirlər barədə məlumat verib.

Sonra beynəlxalq investisiya siyasətinin müxtəlif istiqamətləri üzrə sessiyalar – “Beynəlxalq investisiya siyasətləri sahəsində son yeniliklər və əsas problemlər”, “Beynəlxalq investisiya sazişləri rejimində islahatlar: səbəblər və həll yolları” və “İri regional investisiya sazişləri: bölgə üçün təsirləri” keçirilib, beynəlxalq ekspertlərin mövzulara dair məruzələri dinlənilib, müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi