Bakıda Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyasının iclası keçirilib

Bakıda Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyasının iclası keçirilib Komissiyanın iclası çərçivəsində Azərbaycan-Serbiya işgüzar görüşü də keçirilib
Biznes
28 Sentyabr , 2015 15:14
Bakıda Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyasının iclası keçirilib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan-Serbiya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının IV iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda çıxış edən Komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev iki ölkə arasında əlaqələrin sürətlə inkişaf etdiyini, ölkə başçılarının qarşılıqlı səfərləri və görüşlərinin əlaqələrin müxtəlif istiqamətlər üzrə genişlənməsində mühüm əhəmiyyətini, Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalandığını vurğulayıb.

Azərbaycanla Serbiya arasında müvafiq hüquq-müqavilə bazasının yaradıldığını və iqtisadi sahədə bir çox sənədlərin imzalandığını qeyd edən Ş.Mustafayev kənd təsərrüfatı, nəqliyyat, səhiyyə sahələrində saziş layihələrinin hazırda müzakirə edildiyini, hava əlaqəsi haqqında saziş layihəsinin artıq razılaşdırıldığını bildirib. Ölkələr arasında ticarət əlaqələrinin 2015-ci ildə artdığını qeyd edən nazir bu istiqamətdə potensialın böyük olduğunu və bu gün iki ölkənin şirkətlərinin iştirakı ilə keçirilən işgüzar görüşün ticarət dövriyyəsinin artmasına, investisiya əməkdaşlığının genişlənməsinə töhfə verəcəyini qeyd edib. Enerji sahəsində əməkdaşlığa toxunan Ş.Mustafayev Serbiya tərəfinin Cənub Qaz Dəhlizi vasitəsilə öz təbii qaz təchizatının diversifikasiyasında maraqlı olduğunu bildirib və müvafiq qurumlar arasında bu istiqamətdə müzakirələr aparılacağını, həmçinin alternativ enerji sahəsində əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulayıb. Azərbaycanlı nazir İKT, səhiyyə, turizm, təhsil, kənd təsərrüfatı, gənclər və idman sahəsində mövcud layihələrə və gələcək əməkdaşlıq perspektivlərinə toxunub, Azərbaycan hökumətinin kredit vəsaitləri hesabına Serbiyada böyük uğurla həyata keçirilən nəqliyyat infrastukturu layihəsini qeyd etmiş və Serbiyada özəlləşdirməyə çıxarılmış müəssisələrə Azərbaycan şirkətləri tərəfindən maraq göstərildiyini və hazırda müvafiq araşdırmaların aparıldığını bildirib. Humanitar sahədə əməkdaşlığa gəldikdə isə Ş.Mustafayev qeyd edib ki, Azərbaycan hökuməti və Heydər Əliyev Fondu tərəfindən Serbiyanın Belqrad, Novi Sad və Novi Pazar şəhərlərində təmir-tikinti işləri görülüb (Taşmaydan parkı, "Bayraqlı Cami" məscidi, Üzeyir Hacıbəyov memorialı, mədəniyyət parkı və s.), sel fəlakətindən əziyyət çəkənlərə humanitar yardım göstərilib. Belqradın küçələrindən birinə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin adı verilib.

Serbiya baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri, Komissiyanın digər həmsədri Rasim Lyayiç çıxışında ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini, Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb, Kosova məsələsində Azərbaycanın mövqeyinə görə təşəkkür edib. Azərbaycan şirkətinin Serbiyada infrastruktur sahəsində uğurlu fəaliyyətini qeyd edən R.Lyayiç yerli sahibkarları Serbiyada həyata keçirilən layihələrdə fəal iştiraka dəvət edib. Serbiya baş nazirinin müavini iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, energetika, kənd təsərrüfatı, infrastruktur, İKT, turizm sahələrində əməkdaşlıq imkanlarını qeyd edib.

İclasda komissiya üzvləri müzakirə olunan məsələlərə və iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.

Sonda Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyanın iclasının yekunlarına dair protokol imzalanıb. Sənəddə ticarət, investisiya, maliyyə, sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı, İKT, səhiyyə, gənclər, idman və digər sahələrdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Komissiyanın iclası çərçivəsində Azərbaycan-Serbiya işgüzar görüşü də keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak ediblər.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkənin qazandığı iqtisadi uğurlar barədə serbiyalı qonaqlara məlumat verib, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayıb, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Serbiya biznes nümayəndə heyətinin rəhbəri və "Human Resurces Telecom" şirkətinin direktoru Drasko Markoviç ölkəsinin biznes və investisiya mühiti barədə məlumat verib, rəhbərlik etdiyi şirkətin fəaliyyətinə dair təqdimatla çıxış edib.

Tədbir iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi